Bu günlərdə Motor1 saytı yeni nəsil Mercedes-Benz CLS-Class modelinin minimum kamuflyajla olan şəkillərini dərc edib. Azərbaycanlı Mercedes həvəskarları arasında "Olivye" ləqəbi ilə tanınan dördqapılı kupenin rəsmi təqdimat mərasimi bu ayın sonlarında işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir.
Təsvirərdən göründüyü kimi, yeni CLS Mercedes-AMG GT sportkarının üslubunda tərtib edilən ön hissəyə malik olacaqdır.
Buna "almazlar səpilən" radiator barmaqlığı və ön fənərlərin xüsusi forması işarə edir. Eyni zamanda, dördqapılı kupenin arxa işıq texnikası da alman markasının kupelərinə xas olan formaya malik olacaqdır. Sələfi kimi, yeni Mercedes-Benz CLS-Class da Mercedes-Benz E-Class modelinin bazasında inşa edilibdir.
Aşağıdakı təsvirlərdə avtomobil ön panelini daha dəqiq görüntülənib və yeni modelin interyerinin də yeni E-Class modeli ilə bənzərlik daşıdığı açıq-aydın görünür.
Autocar saytı yeni CLS modelinin 295 at qüvvəli dörd silindrli və 362 at qüvvəli altı silindrli benzin turbomühərrikləri ilə təchiz ediləcəyini bildirib. Avtomobilin AMG bölməsi tərəfindən hazırlanmış variantının isə 429 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur.
Dizel mühərriklərinə gəldikdə isə, başlanğıc modeli 241 at qüvvəli dörd silindrli mühərriklə təklif ediləcəkdir. Eyni zamanda, modelin mühərrik çeşidinə 281 və 335 at qüvvəsi hasil edən sıralı altı silindrli mühərriklərin də daxil olacağı güman edilir. Yeni modelin satışlarına gələn ilin yazında başlanacaqdır.