Mercedes-Benz E-Class kupesinin yeni nəslinin ən bahalı variantı Mercedes-AMG E50 Coupe 4Matic modeli olacaqdır. Kupenin top-variantı tam çəkiş sistemi və elektrik ötürməli turbinası olan 3,0-litrlik altı silindrli mühərriklə təchiz ediləcəkdir.Mühərrikin gücünün 407 at qüvvəsi olacağı söylənilir.
Yeni kupenin qabarit uzunluğu 4827 millimetr, eni – 1860 millimetr, hündürlüyü isə 1430 millimetr təşkil edir. Beləliklə, yeni kupe sonuncu nəsil Mercedes-Benz C-Class kupesindən 141 millimetr uzun, 50 millimetr enli və 25 millimetr hündür olacaqdır. Satışların başlanması anına Mercedes-Benz E-Class kupesi üç benzin və iki dizel mühərrikləri ilə təklif ediləcəkdir. Benzin mühərriklərinin gücü 183, 244 və 332 at qüvvəsi, dizel güc aqreqatlarının isə 194 və 253 at qüvvəsi olacaqdır.Ən zəif mühərrik altı pilləli mexaniki ötürmələr qutusu, qalan mühərriklər isə doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir.
Yeni kupenin interyeri praktiki olaraq yeni Mercedes-Benz E-Class sedanının interyerini təkrarlayacaqdır. Bununla belə, kupe başqa deflektorlara, yeni oturacaqlara və təhlükəsizlik kəmərini ön oturacaqlara tərəf gətirən xüsusi qurğuya malik olacaqdır. Əlavə olaraq, kupe opsional olaraq Command multimedia sisteminin yeni idarəetmə variantını əldə edəcəkdir ki, mərkəzi konsoldakı diyircək taçpadla əvəzlənəcəkdir. Böyük ehtimalla yeni kupenin kütləvi təqdimat mərasimi yanvar ayında keçiriləcək Detroyt avtosalonunda baş tutacaqdır.
Yeni nəsil E-Class modelinin kabriolet variantı gələn ilin mart ayında keçiriləcək Cenevrə avtosalonunda təqdim edilə bilər.