W214 kuzovlu yeni Mercedes-Benz E-Class modelinin eksteryer dizaynı patent təsvirləri sayəsində ortaya çıxıb. Yeddinci nəsil biznes sedanının eskizləri sosial şəbəkələrdə dərc olunub. Qeyd etmək gərəkdir ki, yeni E-Class kiçik qardaşı, W206 kuzovlu C-Class modelinə çox bənzəyir.
Hər iki model də güzgülərin eyni bərkitmə nöqtələrinə, oxşar şüşə xəttinə, oxşar optikaya və hətta ümumi nisbətlərə malikdirlər. “Böyük” Mercedes-Benz modelini müəyyən etməyin ən asan yolu onun ölçüləri kiçildilmiş radiator barmaqlığıdır.
W214 kuzovlu Mercedes-Benz E-Class modelinin arxa kuzov çıxışının artacağı gözlənilir, çünki əksər sedanlar və universallar hibridlərə çevriləcəklər. Yəqin ki, oxlar arasındakı məsafə də artacaqdır, çünki nəsil dəyişdirdikdən sonra C-Class və S-Class modellərinin də təkər bazası nəzərəçarpacaq dərəcədə genişlənib. Patent təsvirlərində adi qapı tutacaqlarının göstərilməsinə baxmayaraq, yeni E-Class üçün “gizli” tutacaqları kimi opsiyalar da təklif ediləcəklər
Şübhəsiz ki, yeni nəsil Mercedes-Benz E-Class modeli portret yönümlü sensorlu ekranı olan multimedia sisteminə keçəcək, rəqəmsal cihazlar panelinin diaqonalı isə artacaqdır. Flaqman S-Class sedanında olduğu kimi, geniş fərdiləşdirmə imkanlarının və əvvəllər təklif edilməyən opsiyaların peyda olacağını gözləmək gərəkdir.
Yeni E-Class modelinin mühərrik çeşidində V8 aqreqatları olmayacaqdır - Mercedes-Benz şirkəti Mercedes-AMG E 63 S modelinin xüsusi seriyasını buraxaraq bu mühərriklərlə vidalaşıb. Lakin altısilindrli aqreqatların taleyi sual altındadır - böyük ehtimalla, onlar çeşiddə qalacaqlar. Ən güclü sedanlar və universallar çox güman ki, E Performance plagin hibrid sistemini alacaqlar.
Yeni Mercedes-Benz E-Class modelinin təqdimat tarixi məlum deyil, lakin amerikalı jurnalistlər onun bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər təqdim ediləcəyini gözləyirlər. Proqnozlara görə, W214 sedanı ABŞ bazarına 2024-cü model ilində çıxmalıdır, bu isə, Mercedes-Benz şirkətinin ehtiyatda təxminən iki ili olduğu deməkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.