Yeni nəsil Mercedes-Benz E-Class sedanı (W214) iki ay əvvəl debüt edib və hətta bazara çıxmağa belə vaxt tapmayıb. Alman şirkəti isə, artıq S214 kodlu E-Class Estate universalını hazırlayıb. Avropada biznes sinifli universallar hələ də aktualdır, lakin Köhnə Dünyada da bazar getdikcə krossoverlərə meyl edir. Buna görə də yeni E-Class universalı əhəmiyyətli dəyişikliklərə məruz qalıb.
Qeyd etmək gərəkdir ki, universal daha cəld və axarlı hala gəlib. Arxa pəncərənin mailliyi artırılıb, dam xətti daha dinamik olub ki, baqaj bölməsinin kiçildilmiş yan pəncərələri bu effekti gücləndirməyə xidmət edir. Əgər sedanın Cx aerodinamik müqavimət əmsalı dəyişməyibsə (0,23), lakin universalın müvafiq göstəricisi yaxşılaşdırılıb: əvvəlki modeldəki 0,27 əvəzinə 0,26.
Sedanda olduğu kimi, universalın da təkər bazası 22 millimetr (2961 millimetr) artıb ki, bu da ikinci oturacaq cərgəsində əlavə yer vəd edir. Bununla belə, ümumi uzunluğun artımı cəmi 4 millimetrdir (4949 millimetr). Sedan 28 millimetr enli (1880 millimetr) və simvolik 1 millimetr hündür (1469 millimetr) olub.
Təkər izi də bir qədər genişləndirilib – öndə 1634 millimetr, arxada isə 1648 millimetr. Müxtəlif versiyalar üçün 17-21 düymlük təkər diskləri təklif olunur.
İndi isə, universal üçün ən vacib göstəricilərdən danışaq. Baqajın həcmi yenidən azalıb! Əgər S212 nəslinin universalı 695 litr tuturdusa, S213 modelində bu göstərici 640 litr, yeni E-Class (S214) universalında isə 615 litr təşkil edir. Təbii ki, bu istənilən halda böyük həcmdir, amma tendensiya göz qabağındadır.
Bununla belə, ikinci sıranın qatlanması halında əldə edilən həcm bir qədər artıb - 1820-dən 1830 litrə qədər. Plagin hibridlərdə isə, ikinci cərgənin arxasında yerləşən dartma batareyası ucabtından bu göstəricilər xeyli azalıb: 460-1675 litr arasında. Xatırladaq ki, əvvəlki hibriddə bu göstərici 480-1660 litr idi.
Daha bir itki var: E-Class üçün artıq üçüncü oturacaq cərgəsini sifariş etmək mümkün deyil. Belə opsiya yetmişinci illərin S123 nəsil modelində peyda olmuşdu və bütün sonrakı nəsillər üçün təklif edilirdi.
Qatlanan iki nəfərlik divan hərəkət istiqamətinə qarşı yerləşirdi və orada yalnız yeniyetmələri yerləşdirmək mümkün idi. Bu, Avropa bazarındakı unikal bir təklif idi. Məsələn, yola saldığımız S213 nəslindən olan universalda belə opsiya 1490 avroya başa gəlir.
Universalın standart təchizatına arxa divanın kürək hissəsinin qatlanması üçün elektrik ötürməsi (40:20:40 nisbətində üç hissəyə bölünür), beşinci qapının servoötürücüsü və yüklənmədən asılı olmayaraq kuzovun yolun üstündəki mövqeyini bərabərləşdirən arxa pnevmatik asqı daxildir.
Mercedes-Benz E-Class Estate 2100 kiloqrama qədər çəkisi olan qoşqunu yedəyə ala bilər (qoşqu əyləclə təchiz olunmursa, maksimum 750 kiloqram). Avadanlıq və seçimlərə gəlincə, universal tam şəkildə baza sedanını təkrarlayır: burada bütün təkərlər üçün pnevmatik asqı, elektrik deflektorları olan iqlimə nəzarət sistemi, Burmester səs sistemi və daha çox şey var.
Başlanğıcda universal yalnız üç versiyada əlçatan olacaqdır. Onların hamısı dördsilindrli turbomühərriklər, doqquz pilləli 9G-Tronic "avtomatı" və arxa ötürmə ilə təchiz edilir. Bu, benzin mühərrikli Mercedes-Benz E 200 (2,0 litr, 204 at qüvvəsi), dizel mühərrikli Mercedes-Benz E 220 d (2,0 litr, 197 at qüvvəsi), həmçinin təkrar doldurulan Mercedes-Benz E 300 e (312 at qüvvəsi) hibrididir.
Hibrid qurğuda benzin “turbodördlüyü” (204 at qüvvəsi) elektrik mühərriki (129 at qüvvəsi) ilə tandemdə işləyir. Daha sonra tamötürməli, həmçinin altısilindrli versiyalar (sedanlarda olduğu kimi) da debüt etməlidirlər.
Universalın əsas bazarı Avropa olacaqdır, buradakı satışlara payızda start verləcəkdir. İlkin məlumata görə, S214 nəslindən olan yeni E-Class Estate universalı ən azı 60 min avroya başa gələcəkdir. Xatırladaq ki, cari E-Class universalı 56 700 avrodan başlayan qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.