Mercedes-Benz GLB krossoveri brendin model cərgəsinə 2019-cu ilin yayında qoşulub, 2023-cü ilin yazında isə, qohum GLA modeli ilə birlikdə xırda yenilnəməyə məruz qalıb. Modelin növbəti nəslə addım atacağı öncədən məlum idi: artıq sentyabr ayında yol sınaqlarından keçən kamuflyajlı prototip qeydə alınıb, noyabr ayında isə, istehsalçı yeniliyin interyer şəkillərini dərc edib. İndi isə, ikinci nəsil Mercedes-Benz GLB krossoveri tam şəkildə təqdim edilib və ilkin olaraq o, yalnız elektrik versiyasında satışa çıxarılacaq.
İş ondadır ki, model təkcə əvvəlki yanacaqlı GLB krossoverini deyil, həm də 2021-ci ilin yazında debüt etmiş və bir neçə il sonra yenilənmiş EQB elektrik krossoverini də əvəzləyəcək. Batareyalı krossoverə olan marağın və ümumilikdə elektromobillərə olan tələbatın azalmasına baxmayaraq, Mercedes-Benz elektrikləşdirmədən imtina etmək niyyətində deyil. Şirkət sadəcə öz strategiyasını dəyişdirib. Bundan sonra yanacaqlı və batareyalı versiyalar bir modelin çərçivəsində mövcud olacaqlar.
Stil baxımından yenilik təzə CLA sedan və universalına, eləcə də GLC elektrik krossoverinə bənzəyir. Ön tərəfdə radiator barmaqlığını təqlid edən və firma ulduzları formasında 94 LED-ə malik olan panel quraşdırılıb. Oxşar üçşüalı ulduzlar ön faraları və işıqlandırılan bənd ilə birləşdirilmiş şaquli arxa fənərləri də bəzəyir. Klassik qapı tutacaqları yerini dəbli irəli çıxan dəstəklərə veriblər.
Mercedes-Benz GLB krossoverinin ölçüləri ikinci nəslə keçidlə birlikdə xeyli böyüyüblər: krossoverin uzunluğu 4732 millimetr (+ 98 millimetr), eni - 1861 millimetr (+ 27 millimetr), təkər bazası isə, 2889 millimetr (+ 60 millimetr) təşkil edir. Modelin hündürlüyü isə, 14 millimetr azalaraq 1687 millimetrə çatıb. Təkər disklərinin maksimal diametri 20 düymdür.
Yeni Mercedes-Benz GLB modelinin salonunun ön hissəsi qohum CLA sedanı ilə eynidir. Opsional MBUX Superscreen ön paneli onun bütün eni boyunca uzanan vahid şüşə səthə və üç ekran malikdir: cihazlar panelinin 10,25 düymlük ekranı, multimedia sisteminin 14-düymlük mərkəzi displeyi və sərnişin tərəfində quraşdırılmış eyni ölçülü taçskrin. Baza versiyalarında sərnişin taçskrinin əvəzinə əlavə ödəniş müqabilində işıqlandırma ilə təchiz edilən firma ulduzlandırılan naxışı olan panel var.
Media sistemi səs köməkçisi və süni intellekt ilə təchiz olunmuş dördüncü nəsil firma əməliyyat sistemi ilə işləyir. Üstəlik, iki dil modelindən istifadə olunur: Microsoft (ChatGPT4o) və Google Gemini. Ekran qrafikisaına Unity oyun mühərriki cavabdehdir. MB.DRIVE adaptiv kruiz-kontrolu 10 kameraya, 5 radara, 12 ultrasəs sensoruna və maye ilə soyudulan yüksək məhsuldarlıqlı kompüterə malikdir. Ən yüksək səviyyəli təchizat səviyyəsi üçün 2-ci səviyyəli avtopilot və qabaqcıl avtoparklayıcı nəzərdə tutulub.
Təchizat səviyyəsindən asılı olaraq, krossover beş və ya yeddi nəfəri yerləşdirə bilər. Sonuncu halda, üçüncü cərgədə boyu 1,71 metrə qədər insanlar rahatlıqla əyləşə bilərlər. Orta sıranın oturacaqları 140 millimetrlik uzununa tənzimləməyə malikdir (beş nəfərlik modellər üçün opsiyadır). Baqaj bölməsinin maksimal həcmi beş nəfərlik versiya üçün 540 litr, yeddi nəfərlik versiya üçün isə, 480 litrdir. Arxa oturacaqların kürək hissəsi qatlandıqda isə, bu həcm müvafiq olaraq, 1715 litrə və 1605 litrə qədər artır. Əlavə 127 litrlik bölmə ön kapotun altında yerləşir.
Bazara ilk çıxan iki elektrik versiyası olacaq. Mercedes-Benz GLB 250+ versiyası yeganə elektrik mühərriki (272 at qüvvəsi və 335 Nm) və arxa oxda quraşdırılmış iki pilləli reduktor ilə təchiz olunur. Bu, krossoverə 100 km/saata 7,4 saniyədə sürətlənməyə imkan verir. 350 4Matic ikimühərrikli tam ötürmə sisteminə (354 at qüvvəsi, 515 Nm) malikdir. Belə krossover 0-dan 100 km/saat həddini 5,5 saniyədə toplayır. Hər iki versiyanın maksimal sürəti 210 km/saatdır. Ötürmə növündən asılı olmayaraq, hər iki krossover 2000 kiloqrama qədər çəkisi olan qoşqunu yedəyə ala bilər. 200 kilovata qədər gücü olan rekuperasiya da bəyan edilib.
85 kilovat/saatlıq NMC dartma batareyası arxa ötürməli elektromobili 631 kilometrə qədər gediş məsafəsi ilə təmin edir, ikimühərrikli versiyanın müvafiq göstəricisi isə, 614 kilometrdir. 800 voltluq arxitektura sayəsində batareya 320 kilovata qədər gücü olan şarjı dəstəkləyir ki, bu da cəmi on dəqiqə ərzində 260 kilometr gediş ehtiyatını bərpa etməyə imkan verir. Bort invertorunun maksimal gücü 22 kilovatdır. Enerjiyə qənaət etmək üçün yeni Mercedes-Benz GLB istilik nasosu ilə təchiz edilir. Nəhayət, avtomobil xarici istehlakçıları da qidalandıra bilər.
Gələcəkdə model çeşidi ucuz elektrik versiyası ilə genişləndirilməlidir, onun ardınca isə, 48-voltluq elektrik sistemi olan hibrid versiya da təqdim ediləcək. Hibrid versiya üç güc səviyyəsində və ön və ya tam ötürmə ilə təklif ediləcək. Bütün benzin-elektrik modelləri M252 kodlu yeni 1,5-litrlik dördsilindrli turbomühərriklə təchiz olunacaqlar. Bu mühərrik Geely ilə birgə hazırlanmış yeni FAME (Family of Modular Engines) ailəsinin ilkidir.
O, elektrik mühərriki inteqrasiya olunmuş səkkiz pilləli iki muftalı Preselektiv “robot” və 1,3 kilovat/saatlıq təkrar doldurulmayan batareya ilə təchiz olunacaq. Enerjinin bərpası 25 kilovata qədər gücə malik olan rekupersaiya sistemi tərəfindən həyata keçiriləcək. Hibridlərin əsas vizual fərqləndirici cəhəti xromla örtülmüş firma loqosu quraşdırılmış əsl radiator barmaqlığı olacaq.
Almaniyada yeni elektrik krossoverlərinə öncədən sifarişlər artıq qəbul edilir. Mercedes-Benz GLB 250+ with EQ Technology baza versiyası üçün ən azı 59.000 avro, GLB 350 4Matic with EQ Technology versiyası üçün isə, ən azı 62.000 avro tələb olunacaq. Əmtəə avtomobillərinin çatdırılmasına gələn ilin yazında başlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









