Cari, birinci nəsil Mitsubishi ASX krossoveri iyirmi ildən çoxdur ki, satışdadır. Nəhayət, yapon markası onun varisini hazırlayıb – artıq Avropa bazarına ASX modelinin ikinci nəsli çıxır. Bununla belə, heç bir inqilab baş verməyib: əslində Mitsubishi ASX adı altında avropalılara fərqli emblemləri və bir qədər yenilənmiş görünüşü olan Renault Captur modeli təklif edilir. Qeyd etmək lazımdır ki, bu bir ilk deyil - Renault və Mitsubishi əvvəllər də belə üsuldan istifadə ediblər.
İlk baxışdan Mitsubishi ASX modelinin ikinci nəslini Avropada satılan Captur (bizim bazarda satılan Kaptur ilə səhv salmayın) modeli ilə səhv salmaq olar.
Yeni Mitsubishi ASX modeli ölçülərinə görə sələfindən geri qalır - o, 14 santimetr qısadır, fransız krossoverindən isə, yalnız loqotipləri və radiator barmaqlığının bir qədər fərqli dizaynı ilə seçilir. Qalan hər şey, gündüz hərəkət işıqların firma “dişlərindən” tutmuş təkər disklərinə qədər Renault modelindən götürülüb.
Salonda da dəyişiklik yoxdur: burada, avropalı Captur modelindən tanış olan rəqəmsal cihazlar panelinin ekranı (konfiqurasiyadan asılı olaraq 7 və 10,25 düymlük) və multimedia sisteminin planşeti (7 və ya 9,3 düym) var. Fərq yalnız sükan çarxının üzərindəki emblemdədir. Yapon krossoverinin təchizatına adaptiv kruiz-kontrol da daxil edilib, lakin onun üçün əlavə pul ödəmək gərəkdir.
Güman edirəm ki, yeni Mitsubishi ASX modelinin mühərrik çeşidini Renault Captur ilə bölüşdüyünü söyləmək yersizdir. Baza mühərriki altı pilləli mexaniki ötürmələr qutusu ilə birlikdə çalışan 91 at qüvvəli 1,0- litrlik turbomühərrikdir.
Alternativ olaraq, 12 voltluq starter-generatoru olan 1,3-litrlik turbomühərrikə əsaslanan mülayim hibrid güc qurğusu təklif edilir. Hibrid qurğunun gücü 140 və ya 158 at qüvvəsi ola bilər. Güc aqreqatı mexaniki ötürmələr qutusu və ya yeddi pilləli "robot" ilə təchiz edilir. Tam ötürmə sistemi nəzərdə tutulmayıb.
Modifikasiya çeşidində 1,6-litrlik atmosfer mühərriki və 1,3 kilovat-saatlıq batareyası olan tamölçülü E-Tech hibridi də var. Belə versiyanın gücü 145 at qüvvəsidir. Çeşidin zirvəsində isə, 10,5 kilovat-saatlıq batareyası olan 160 at qüvvəli plagin hibrid durur. Plagin hibrid sırf elektrik ötürməsi ilə 49 kilometr məsafə qət etmək iqtidarındadır.
Yeni Mitsubishi ASX krossoverinin Avropadakı satışlarına 2023-cü ilin yazında başlanmalıdır. Yapon krossoveri İspaniyadakı zavodda Renault Captur modeli ilə eyni konveyerdə yığılacaqdır. Krossoverin qiymətləri hələlik açıqlanmayıb, lakin ASX modelinin Avropada 23,4 min avrodan satılan Captur krossoverindən bir qədər baha olacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.