Nissan şirkəti beşinci nəsil Pathfinder krossoverini təqdim edib. Ailəvi krossover yenidən dizayn edilib və baza versiyasında səkkiz yerlik salonla təchiz edilir. Üstəlik, bu nəsildə variatorun əvəzinə klassik “avtomat” peyda olub.
Yeni Nissan Pathfinder, sələfi ilə eyni platformada inşa olunub. Bunun sayəsində krrossover eyni təkər bazasını qoruyub saxlayıb. Krossoverin uzunluğu 5004 millimetrdir. Xatırladaq ki, əvvəlki nəslin uzunluğu 5042 millimetr idi. Pathfinder ilk dəfə olaraq ikirəngli kuzov ilə sifariş edilə bilər. Bundan başqa, krossover V-motion firma radiator barmaqlığını, LED ön fənərləri və arxa tərəfin “süzən” dam effektini yaradan C-şəkilli siluetini əldə edib.
Pathfinder artıq standart olaraq səkkiz nəfərlik salonla təklif edilir. Əlavə ödəniş ilə, ikinci sıranın fərdi oturacaqlarını əldə etmək olar - bu halda krossover yeddi nəfərlik olacaqdır. Krossoverin salonu da əhəmiyyətli dərəcədə dəyişib. Modelin standart olaraq virtual cihazlar paneli və multimedia sisteminin 8-düymlük ekranı ilə təchiz edilir. Daha bahalı versiyalarda avtomobil 12,3-düymlük rəqəmsal cihazlar paneli, eləcə də multimedia sisteminin 9-düymlük sensorlu ekranı və proyeksiya ekranı quraşdırılır.
Pathfinder modeli on hava yastığı, avtomatik əyləc sistemi, zolağa nəzarət və adaptiv uzaq işıqları özündə birləşdirən Nissan SafetyShield 360 firma kompleksini alıb. Əlavə ödəniş ilə, zolaqda tutma funksiyasına sahib olan adaptiv kruiz-kontrolu və ön oturacaqların arasında olan mərkəzi hava yastığını sifariş etmək olar.
Yeni Nissan Pathfinder modelinin kapotunun altında 288 at qüvvəsi və 351 Nm fırlanma anı hasil edən əvvəlki 3,5-litrlik V6 mühərriki yerləşir. Bununla birlikdə, adi variator doqquz pilləli “avtomat” ilə əvəzlənib. Krossoveri həm ön, həm də arxa oxda qoşma muftası olan tam ötürmə sistemi ilə sifariş etmək olar. Bundan əlavə, yeni model mərkəzi tuneldəki şayba tərəfindən dəyişdirilən yeddi hərəkət rejiminə sahib olub.
Beşinci nəsil Nissan Pathfinder modeli Amerika bazarında yayda satılmağa başlanacaqdır.