Grandland krossoveri Azərbaycan bazarında təklif edilən Opel modellərindən biridir. 2021-ci ildə keçirilmiş yenilənmədən sonra model X prefiksini itirib, indi isə, alman istehsalçısı Grandland modelinin ikinci nəslini təqdim edib. Opel şirkəti hibrid və elektrik versiyaları da daxil olmaqla, krossoverin üç modifikasiyada təklif ediləcəyini bildirib.

Opel Grandland modelinin xarici görünüşü əhəmiyyətli dərəcədə dəyişib: ön tərəf 3D Vizor firma üslubunda hazırlanıb, avtomobilin ön və arxa hissəsində parlaq zolaqlar peyda olub, ön tərəfdəki emblem ağ, arxa tərəfdəki Opel yazısı isə, qırmızı rəngdə işıqlandırmaya malikdir. Krossover qabaqcıl matrisa optikasını alıb (hər bir fənər 25 600 elementdən ibarətdir). 

Yeni fənərlər daha parlaqdırlar və digər sürücülərin gözlərini qamaşdırmadan yoldakı obyektləri daha yaxşı işıqlandırırlar. Bütün yuxarıda qeyd edilənlərə əlavə olaraq, yeni Grandland sələfindən daha böyükdür, onun salonu daha geniş, baqajı isə, daha tutumludur (artım 36 litr təşkil edir).

Yeni Grandland modeli 16 düymlük ekranı olan multimedia sisteminə malikdir, sükanın arxasında isə, rəqəmsal cihazlar panelinin klasteri quraşdırılıb. Proyeksiya displeyi də bəyan edilib, klimat-kontrol isə, fiziki düymələrlə idarə olunur.

Ənənəvi olaraq, Opel öz modellərini alman AGR ortopedik sertifikatını almış oturacaqlarla təchiz edir. Grandland da bu qaydalardan istisna deyil. Havalandırma sisteminin yan deflektorları qapılara inteqrasiya olunub ki, bu da ön paneli vizual olaraq genişləndirir.

Qeyri-adi həllər arasında şüşənin altında yerləşdirilmiş simsiz şarj cihazını göstərmək olar. Nəhayət, arxadakı sərnişinlərin ayaq zonasındakı məkan genişləndirilib, arxa oturacaq isə, 40:20:40 nisbətində qatlanır. İkinci cərgənin tam qatlanması halında baqajın həcmi 1641 litrə qədər artır.

Opel Grandland modeli Stellantis konserninin STLA Medium platformasına əsaslanır ki, bu arxitektura həm daxili yanma mühərrikinin, həm də batareya ilə elektrik mühərriklərinin quraşdırılmasını təmin edir. 

Grandland modelinin başlanğıc səviyyəli versiyası 1,2-litrlik üçsilindrli mühərrik və 48 voltluq startyor-generatoru olan yumşaq hibrid güc qurğusuna malikdir.

Ondan bir pillə yuxarıda tam ölçülü hibrid yerləşir – belə versiya sırf elektrik ötürməsi ilə 85 kilometrə qədər məsafə qət edir. Lakin belə hibrid satışa daha sonra çıxacaq. Nəhayət, çeşiddəki ən bahalı model elektrik versiyası olacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opel yeni Grandland modeli barədə bütün təfərrüatları yaxın aylarda açıqlamalıdır. Grandland krossoverinin Avropadakı satışlarına 2024-cü ilin payızında başlamaq planlaşdırılıb. Böyük Britaniyada model ənənəvi olaraq Vauxhall brendi altında satılacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.