992 seriyasından olan ilk Porsche 911 modeli 2018-ci ildə debüt etsə də, bu ailə hələ tamamlanmayıb. Bu gün, Porsche 911 GT3 Cup yarış versiyasının ardınca Porsche 911 GT3 yol kupesi də təqdim olunub. Əvvəl olduğu kimi, bu modifikasiya atmosfer mühərrikini qorumuş yeganə versiyadır və texniki cəhətdən standart Carrera modelindən daha çox fərqlənir.
Yeni model sələfindən, hər silindr üçün fərdi drossel çəpərcikləri və “quru” karteri olan 4,0-litrlik altısilindrli oppozit mühərrikini miras alıb. Bu mühərrik 9000 dövr/dəqiqəyə qədər fırlana bilir, 510 at qüvvəsi və 469 Nm hasil edir. Bu, əvvəlkindən 10 at qüvvəsi və 9 Nm çoxdur. Əsas ötürmələr qutusu yeddi pilləli iki muftalı PDK “robot”udur, lakin puristlər üçün altı pilləli mexaniki transmisiyya da nəzərdə tutulub.
Yeni sportkarın əvvəlkindən ən vacib fərqi standart McPherson dayaqlarını əvəzləmiş ikiqollu ön asqıdır. Əvvəlki nəsldə belə bir sxem yalnız RSR yarış versiyasında istifadə edilirdi. Ön təkər izi 48 millimetr artırılıb. Arxa çoxqollu asqı ümumi konstruksiyasını qorusa da, standart Carrera modelinin asqısı ilə ortaq elementləri yoxdur. Asqının rezin-metal şarnirləri sərt oynaqlar ilə əvəzlənib.
911 GT3 modeli standart olaraq ön tərəfdə 408 millimetrlik (əvvəlkindən 28 millimetr böyük), arxada isə 380 millimetrlik polad əyləc diskləri ilə təklif olunur. Əlavə ödənişlə, bu mexanizmləri öndə 410 millimetrlik, arxada isə 390 millimetrlik diskləri olan karbon-saxsı əyləcləri ilə əvəz etmək olar. Əvvəlki disklərdən daha geniş olan yeni 20 (öndə) və 21 (arxada) düymlük təkər diskləri 1,6 kiloqram çəkitə qənaət etməyə imkan veriblər. Daha bir opsiya - əvvəllər yalnız ən ekstremal GT3 RS versiyası üçün təklif olunan Michelin Pilot Sport Cup 2 R yarı slikləridir.
Ümumiyyətlə, yeni Porsche 911 GT3 kupesi əvvəlkindən 70 kiloqram yüngüldür: mexaniki transmissiya ilə təchiz edilmiş versiya 1418 kiloqram, "robot" ilə təchiz edilmiş versiya isə 1435 kiloqramdır. Buna, yüngül materiallardan geniş istifadə sayəsində nail olunub. Məsələn, mühərrik qapağı, tənzimlənən antiqanad və spoyler karbon lifdən hazırlanır. Şüşələr əvvəlkindən daha nazikdir. Daha 12 kiloqrama, karbondan əsası olan opsional kreslolar sayəsində qənaət etmək mümkündür.
Porsche 911 GT3 modelinin təchizatına media sistemi və kondisioner daxildir. Sükan çarxında idarəetmə rejimlərinin dəyişdirilməsi üçün düymə, cihazlar panelində isə, trekdə istifadə zamanı ən vacib parametrləri əks etdirən Track Screen yarış rejimi var. Opsional Chrono Package paketinin tərkibinə ön paneldə quraşdırılan analoq xronometri və arxa oturacaqların yerinə quraşdırılan təhlükəsizlik qəfəsi daxildir.
Ən maraqlısı odur ki, yeni 911 GT3 modelinin dinamik göstəriciləri dəyişməyib: PDK “robot”u ilə təchiz edilən sportkar əvvəlki kimi 100 km/saat həddini 3,4 saniyəyə toplayır və 318 km/saatlıq maksimal sürət həddinə malikdir (mexaniki qutu ilə 320 km/saat). Bununla birlikdə, yeni model trekdə əvvəlkindən daha sürətlidir. 992 seriyasında olan 911 GT3 modeli əfsanəvi Nürburqrinqin 20,8 kilometrlik seqmentini 6 dəqiqə 59,927 saniyəyə, yəni əvvəlki modeldən 17 saniyə daha yeyin qət edib.
Yeni Porsche 911 GT3 modelinin satışlarına may ayında başlanacaqdır. Sportkarın Almaniyadakı satış qiyməti artıq məlumdur: minimum 168 min avro.