Rezvani avtomobilləri dünya üzrə o qədər də məşhur olmasa da, bu markanı Azərbaycanda yaxşı tanıyırlar. Səbəbi isə məlumdur – Rezvani Beast rodsterinin, Beast Alpha kupesinin, Tank ofrouderinin və üç oxlu Hercules pikapının dizaynı üzərində həmyerlimiz Samir Sadıxov işləyib.

Hazırda Rezvani markasının ən populyar olan modelləri Jeep Wrangler modelinə əsaslanan Tank və Hercules avtomobilləridir. Bununla belə, Kaliforniyada fəaliyyət göstərən kiçik şirkət fəliyyətə sadə və yüngül superkarların buraxılması ilə başlayıb və bu istiqamət unudulmayıb: yeni nəsil Rezvani Beast kupesinin buraxılacağı elan edilib.

Bu günə qədər yeni avtomobil yalnız iki tizeri və onun haqqından bir neçə fakt dərc olunub. Yeni Beast karbonplastikdən kuzova, ortamühərrikli quruluşa və gücü 1000 at qüvvəsini keçən biturbomühərrikə sahib olacaqdır.

Bu, maksimum 710 at qüvvəsinə malik olan əvvəlki modellə müqayisədə ciddi sıçrayışdır. Bundan əlavə, "ekzotik qapılar" da bəyan edilib. Rezvani bu sahədə peşəkardır: məsələn, 2016-cı ilin Rezvani Beast Alpha kupesinin sürüşərək acılan qapıları var idi.

Bununla belə, yeni Beast kupesinin tamamilə orijinal olacağını gözləməyin. İlk Rezvani Beast rodsteri ciddi şəkildə dəyişdirilmiş Ariel Atom 3 modeli idi, sonrakı Beast Alpha kupesində Lotus monokoku və Honda mühərriki tətbiq edilmişdi.

Odur ki, bu dəfə hansı avtomobilin donor olacağını yaxın zamanda öyrənəcəyik. Yeni kupenin debüt yay aylarına planlaşdırılıb və Rezvani artıq 250 dollarlıq depozit müqabilində sifarişləri qəbul edir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.