Skoda Fabia modeli çoxdan “qaynar” RS versiyasından məhrum edilib və keçən il debüt etmiş yeni nəsil də belə varianta malik olmayacaqdır. Lakin modifikasiya çeşidində “idman” Fabia Monte Carlo versiyası qalır: belə versiya Avropada təqdim edilib və yeni ailəsinin formalaşdırılmasını tamamlayıb. Skoda Fabia Monte Carlo modelinin Avropadakı satılarına yazda başlanacaqdır.

Skoda şirkəti idman üslubunda olan avtomobillər üçün Monte Carlo indeksini 2011-ci ildən yalnız yığcam modellər (Fabia, Scala, Rapid, Kamiq) istifadə edir. Bu ad çex markasının Monte Karlo rallisində əldə etdiyi uğurları xatırlatmalıdır. Daha iri modellərin (Octavia, Superb, Karoq, Kodiaq) “idman” versiyaları isə Sportline indeksi ilə işarələnirlər.

Zahiri cəhətdən Skoda Fabia Monte Carlo modeli adi hetçbekdən arxa bamperdəkı psevdodiffuzoru, orijinal təkər diskləri (16 -18 düym arasında), kandar və bamperlərdəki örtmələri, habelə bolluca qara dekoru (radiator barmaqlığı, güzgü gövdələri, emblemlər, dam) ilə fərqlənir.

Salonda qırmızı dekordan geniş istifadə edilib. Monte Carlo versiyası quraşdırılmış başlıqları olan ön oturacaqlara, aşağı hissəsi “kəsilmiş” üçqollu sükan çarxına, pedalların metal örtmələrinə və ön paneldəki “karbon” dekora malikdir. Opsional virtual cihazlar panelinin qrafikası yüngül şəkildə dəyişdirilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şassi və mühərriklər standartdır. Yalnız, Fabia Monte Carlo üçün 65 at qüvvəli 1,0-litrlik mühərriki sifariş etmək mümkün deyil. Seçim olaraq, bu mühərrikin 80 at qüvvəli versiyasını, 95 və ya 110 at qüvvəli 1,0-litrlik “turboüçlüyü” və 150 at qüvvəli 1,5-litrlik “turbodördlüyü” sifariş etmək mümkündür.

100 at qüvvəsinə qədər gücü olan mühərriklər 5-pilləli mexaniki ötürmələr qutusu, 110 at qüvvəli mühərrik 6-pilləli mexaniki ötürmələr qutusu və ya 7-pilləli DSG “robotu”, 150 at qüvvəli mühərrik isə yalnız DSG transmissiyası ilə təchiz edilə bilər. Ən güclü Fabia modeli 100 km/saat həddini səkkiz saniyəyə toplayır və 225 km/saat həddinə qədər sürətlənir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.