Yeni Tiguan krossoverindən sonra, onun ən yaxın qohumu olan ikinci nəsil Skoda Kodiaq krossoveri də “kamuflyajda” debüt edib. Təəssüf ki, hələlik salonun tamölçülü şəkilləri yoxdur, dərc edilmiş firma şəkillərdə yalnız fraqmentlər göstərilir. Lakin Skoda yenilik haqqında təfərrüatları açıqlayıb.

Əsas odur ki, “ikinci” Kodiaq 2016-cı ildə debüt etmiş cari modelin formatını və ümumi konstruksiyasını qoruyub saxlayacaqdır. MQB platforması da (təkmilləşdirilmiş Evo versiyasında) və hətta təkər bazasının ölçüsü (2791 millimetr) eyni qalacaq, beş və ya yeddi nəfərlik (alıcıların 40 faizi üç cərgəli varianta üstünlük verib) salonu olan versiyalar təklif ediləcəkdir. 

Krossoverin ümumi uzunluğu 61 millimetr artıb (4758 millimetr), eyni zamanda, eni 18 millimetr (1864 millimetr), hündürlüyü isə 4 millimetr (1657 millimetr) azalıb. Kodiaq daha axınlı olub: aerodinamik müqavimət əmsalı 0,318-dən 0,292-ə endirilib, lakin bunun üçün, digər şeylərlə yanaşı, ön əyləcləri soyutmaq üçün nəzərdə tutulmuş ayrıca hava kanallarını qurban vermək gərək olub. Yeni nəsil matrisa fənərləri bəyan edilib, təkər disklərinin diametri 17 - 20 düym (indiki modeldə olduğu kimi) arasında dəyişir.

İnteryerin daha da geniş olacağı da bildirilir. Məsələn, üçüncü cərgənin oturacaqlarının üstündəki dam daha yüksək olub, sərnişinlərin baş üzərindəki məkan 15 millimetr artıbr. İkinci cərgədəki mərkəzi tuneldə stəkan tutacaqları olan əlavə bloku quraşdırmaq mümkün olacaqdır, lakin bu, ortadakı sərnişinə çətin ki, rahatlıq gətirsin. Beş oturacaqlı versiyada baqajın həcmi 835 litrdən 910 litrə, yeddi yerlik versiyada isə üçüncü cərgənin arxasındakı məkan 270 litrdən 340 litrə, üçüncü cərgə büküldükdə isə, əldə edilən bölmə 765 litrdən 845 litrə qədər artıb.

Artıq baza versiyasında Kodiaq 10,25 düymlük virtual cihazlar panelinə və media sisteminin 12,9 düymlük ekranına sahib olacaqdır. Nəhayət, opsiyalar siyahısına proyeksiya displeyi daxil ediləcəkdir. Transmissiyanın idarə olunması sağ sükanaltı dəstəyə həvalə edilib, mexaniki transmissiyalı versiyalar daha olmayacaqdır. Onun mərkəzi tuneldəki yerini Phone Box tutacaqdir - bu, iki smartfon üçün simsiz enerji doldurma meydançası olan soyudulan bölmədir.

Kodiaq modelinin çeşidi beş modifikasiyadan ibarət olacaqdır. Ön ötürməli Kodiak krossoverləri ya 2,0 TDI turbodizeli (150 at qüvvəsi) və ya 48-voltluq startyor-generatorla tamamlanan təkmilləşdirilmiş 1,5 TSI (150 at qüvvəsi) benzin turbo mühərriki ilə təklif ediləcəklər. Arxa oxda qoşma muftası olan tam ötürmə sistemi 2,0 TSI (204 at qüvvəsi) və 2,0 TDI (193 at qüvvəsi) mühərrikləri ilə tandemdə çalışacaqdır Bu modifikasiyaların hamısında iki muftalı yeddi pilləli DSG “robot” quraşdırılır. Mühərriklərin hamısı gələcək Euro-6e ekoloji standartına cavab verirlər.

Bundn başqa, ilk dəfə, Skoda Kodiaq modeli iV indeksli təkrar doldurulan hibrid versiyasına malik olacaqdır. Güc qurğusu Tiguan modelindəki ilə eynidir: 1,5 TSI (150 at qüvvəsi) benzin turbomühərriki elektromotor və altı pilləli DSG “robotu” ilə birlikdə çalışır. Ötürmə yalnız ön oxadır, Sistemin ümumi gücü 204 at qüvvəsidir. Dartma batareyasının (25,7 kilovat/saat) tutumu elektrik rejimində 100 kilometrdən çox yürüyüşə kifayət etməlidir. Dəyişən (11 kilovat) və daimi cərəyanlı (50 kilovat) şarj cihazları nəzərdə tutulub.

Opsiyalar siyahısında Travel Assist adaptiv kruiz kontrolu, uzaqdan idarə olunan avtoparklayıcı və təkmilləşdirilmiş adaptiv DCC asqısı var. Yeni Kodiaq modelinin premyerası sentyabrda baş tutacaqdır. Onun sınaq istehsalına artıq Kvasinydəki Skoda zavodunda başlanılıb: bu müəssisənin yeni modelin istehsalı üçün modernləşdirilməsi 12 milyon avroya başa gəlib.

Amma əmtəə avtomobillərinin istehsalına yalnız 2024-cü ilin əvvəlində başlanmalıdır. Yeri gəlmişkən, birinci nəsil Kodiaq artıq 792 000 nüsxədə satılıb (onun istehsalı hələ də davam edir). Satılmış krossoverlərin təxminən 60 faizi tam ötürmə ilə təchiz olunub. Çin Kodiaq üçün ən böyük bazara çevrilib və burada 160 min avtomobil satılıb.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.