Skoda Octavia modelinin dördüncü nəslinin yaxın zamanlarda təqdim olunacağı gözlənilir. Yeni modelin Frankfurt avtosalonunda debüt edəcəyi ehtimalını da istisna etmək olmaz. Bununla belə, bu günlərdə yeni nəsil Octavia modelinin RS indeksli “qaynar” versiyasının prototipinə ümumi istifadə yollarında rast gəlinib. Üstəlik, “qaynar” universal yol nəqliyyat hadisəsinin iştirakçısına da çevrilməyə imkan tapıb.
Yeni nəsil Skoda Octavia modelinin hibrid güc qurğusu ilə təchiz ediləcəyi ehtimal edilir. Bundan başqa, modelin məişət elektrik şəbəkəsindən qidalanan qoşulan hibrid versiyasının da işıq üzü görəcəyi söylənilir. Çox güman ki, növbəti “qaynar” Octavia RS modeli də yumşaq hibrid olacaqdır.
Əgər Octavia modelinin hibrid güc qurğusu Vision RS konseptindəkinə bənzər olarsa, bu zaman Skoda Octavia Combi RS modelinin kapotu altında 1,5-litrlik TSI turbomühərriki və elektromotor yer alacaqdırlar. Hibrid qurğunun ümumi hasilatı 245-252 at qüvvəsi arasında ola bilər. Xatırladaq ki, cari nəsil Skoda Octavia RS modeli 245 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə hərəkətə gəlir.
Skoda mühəndisləri RS üçün 2,0-litrlik TSI mühərrikini əsas götürərlərsə, bu zaman aqreqatın gücü 260-265 at qüvvəsinə qədər artırıla bilər. Bu göstəricini aşmaq isə, nəzakətsizlik olar - çünki, növbəti nəsil VW Golf GTI hetçbekini üstələmək o qədər də yaxşı iş deyil. Yeri gəlmişkən, yeni Golf GTI modelinin 265 at qüvvəsinə malik olacağı proqnozlaşdırılır.