Çin jurnalistləri yapon markasının bestsellerinin doqquzuncu nəslinin gələn cümə, noyabrın 17-də Quançjou avtosalonunda nümayiş etdiriləcəyini öyrəniblər. Tamamilə yeni Toyota Camry modelinin yığılmasına 2024-cü ilin birinci rübündə başlanmalıdır. Sedanın ənənəvi benzin versiyasının olmayacağı da artıq məlumdur: yalnız adi (HEV) və təkrar doldurulan hibridlər (PHEV) təklif ediləcək. Hazırda Toyota Camry sedanı Çində iki yanacaqlı və bir hibrid versiyada satılır.
Çinli jurnalistlərin bildirdikləri Amerikalı həmkarlarının məlumatları ilə üst-üstə düşür: okeanın o tayında doqquzuncu nəsil Toyota Camry modelinin Los-Anceles avtosalonunda debüt edəcəyi gözlənilir. Hər iki sərgi noyabrın 17-də başlayır, bu o deməkdir ki, yapon istehsalçısı eyni vaxtda əsas bazarlar üçün nəzərdə tutulmuş iki versiyanı nümayiş etdirə bilər.
Qeyri-rəsmi məlumatlara görə, Camry sələfi kimi TNGA-K platformasına əsaslanacaq, lakin V6 mühərrikini itirəcək. Yapon sedanının top versiyası 2,4-litrlik “turbodördlük” və 8-pilləli “avtomatla” təchiz ediləcək. Alternativ olaraq 2,4-litrlik turbomühərrik, 6-pilləli avtomatik transmissiya və elektrik mühərriki olan hibrid sistem, həmçinin 2,5-litrlik atmosfer mühərrikinə əsaslanan təkmilləşdirilmiş benzin-elektrik versiyası təklif ediləcək.
Müxtəlif bazarlarda Toyota Camry fərqli interyer tərtibatı variantına sahib olacaq: Çində interyer daha “rəqəmsal”, ABŞ-da isə daha klassik olacaq. Çox güman ki, yaxın günlərdə yapon istehsalçısı yeni tizerləri paylaşsın, çünki digər mühüm modellərin debütündən əvvəl Toyota şirkətinin mətbuat xidməti auditoriyanın yeniliyə olan marağını artırmağa çalışıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.