Bu gün İnternet şəbəkəsində yeni nəsil Toyota Land Cruiser Prado modelinin debüt tarixi haqqında yeni məlumatlar ortaya çıxıb. Yapon Creative Trend nəşrinin şirkət daxilindəki mənbələrinə istinadən verdiyi məlumata görə, 250 indeksini alacaq Land Cruiser Prado modelinin təqdimatı 2022-ci ilin yayında baş tuta bilər. Yəni “böyük” Land Cruiser modelindən bir il sonra. Əvvəllər təqdimatın 2023-cü ilin ikinci yarısında keçiriləcəyi barədə məlumat peyda olmuşdu və bunu söyləməyə əsas da var idi: cari Land Cruiser Prado 150 modeli Land Cruiser 200 modelindən iki il sonra, 2009-cu ildə debüt etmişdi.
Standart Land Cruiser modeli kimi, Prado indeksi olan ofrouder nəsil dəyişikliyi ilə ramalı quruluşunu qoruyacaq və "böyük" model ilə eyni miqyaslı eksteryer dəyişikliklərinə sahib olacaqdır. Yeddi yerlik üç sıralı salonun tərtibatında daha keyfiyyətli materiallardan istifadə ediləcəkdir. Üstəlik, yeni ofrouder ən müasir elektronikaya da sahib olacaqdır.
Land Cruiser Prado 250 modelinin TNGA-F (GA-F) platformasının sadələşdirilmiş versiyası üzərində qurulacağı gözlənilir. Yeni arxitektura ofrouderin çəkisini azaltmağa və ofroud potensialını qorumaqla yanaşı, idarəetmə xüsusiyyətlərini də yaxşılaşdırmağa imkan verəcəkdi. Prado 250 modelinin top versiyası Land Cruiser GR Sport modelindən götürülmüş kuzovun vəziyyətinin hidravlik stabilləşdirilməsi KDSS (Kinetic Dynamic Suspension System) sistemini və digər qabaqcıl opsiyaları ala bilər.
Prado 250 modelinin mühərrik çeşidinə 200 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən əvvəlki 2,8-litrlik turbodizeli daxil ola bilər. Ancaq bəzi məlumatlara görə, bu mühərrik istefaya göndərilərək və 299 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,3-litrlik altısilindrli turbodizeli ilə əvəzlənəcəkdir. Alternativ olaraq, 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik altısilindrli benzin turbomühərrikinin də təklif ediləcəyi də söylənilir.
Bundan əlavə, ilk dəfə olaraq, Land Cruiser Prado modeli Toyota hibridlərinin sırasına qoşula bilər. Böyük ehtimalla, Prado 250 modeli RAV4 və Highlander modellərindən tanış olan hibrid güc qurğularını alacaqdır. Ofrouderin hibrid versiyasının 2023-cü ildən sonra debüt edəcəyi söylənilir. Hazırda Toyota mühəndisləri dizel mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusunun üzərində işləyirlər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.