Şəbəkə istifadəçilərinin qeyri-rəsmi 300 indeksini verdiyi yeni nəsil Toyota Land Cruiser yolsuzluq avtomobilinin prototipi casusların obyektivinə rast gəlib.Güclü kamuflyajla örtülmüş prototip ümumi istifadə yollarında həyata keçirilən sınaqlar zamanı çəkilib. Prototipin şəklini Çinin Autohome nəşri paylaşılıb.
Prototipin yapon dövlət nömrə nişanlarına malik olması, yeni Land Cruiser ofrouderinin Yaponiya yollarında sınaqdan keçirildiyindən xəbər verir. Ofrouder tamamilə kamuflyajla örtülmüşdür ki, bu da yeni modelin dizaynını nəzərdən keçirməyə və hətta onun formalarını qiymətləndirməyə belə imkan vermir. Avtomobilin açıq qalan hissələri buraxılış sisteminin çıxış borusu və ön şüşələridir.
Toyota Land Cruiser 300 modelinin 4,6-litrlik V8 mühərrikindən məhrum olacağı və onu ekoloji cəhətdən daha təmiz olan 415 at qüvvəli 3,5-litrlik V35A-FTS “biturboaltılığı” ilə əvəzlənəcəyi barədə söz-söhbətlər dolaşır. Alternativ olaraq, hibrid güc qurğusunun və 3,3-litrlik dizel mühərrikinin təklif edəcəyi söylənilir.
Qeyri-rəsmi məlumatlara görə, LC 300 ölçülərinə görə mövcud modeli üstələyəcəkdir: onun uzunluğu 4970 millimetrə (+20 millimetr), eni - 1985 millimetrə (+ 5 millimetr), təkər bazası 2900 millimetrə (+50 millimetr) qədər artacaqdır. Üstəlik, yeni ofrouder sələfindən 10 millimetr (1870 millimetr) alçaq olacaqdır.
Bundan əvvəl, BestCarWeb nəşri Toyota dilerlərinə istinad edərək, yeni nəsil Land Cruiser modelinin 2021-ci ilin aprelində debüt edəcəyini bildirmişdi. Toyota şirkəti bu günə qədər səssizliyini qoruyaraq, bu məlumatı təsdiqləməyib.