Toyota qarşıdan gələn Frankfurt avtosalonunda sərgiləyəcəyi model xəttini açıqlayıb. Yeniliklərdən biri, azərbaycanlı alıcıları ən çox maraqlandıran, növbəti nəsil Toyota Land Cruiser Prado ofroderi olacaq.

Yeni Prado haqqında məlumat çox azdır. İstehsalçı modelin rama quruluşunu qoruyub-saxlayacağını və onun "sahibini istənilən yerə aparıb, sonra da onu geri qaytaracağını" bildirib.

Artıq məlum olduğu kimi, iyun ayında Land Cruiser Prado modelinin növbəti nəslinin fotoşəkilləri internetdə yayılmışdı. Təsvirlərdən göründüyü kimi, avtomobil ciddi dəyişikliklərə məruz qalmayıb: ofroder yeni işıq texnikasina, bamperlərə və radiator barmaqlığına malik olub.

Ofroderin salonunda dəyişikliklər daha çoxdur. Burada yeni sükan çarxını, cihazlar panelini, klimat-kontrolun yeni idarəetmə blokunu və multimedia sisteminin displeyini görmək olar. Bununla belə, interyerin arxitekturası ümumilikdə dəyişməyib.

Yeni Prado modelinin ən müasir təhlükəsizlik və sürücüyə yardım sistemləri ilə təchiz ediləcəkdir.

Bunlara misal olaraq piyadaları aşkarlayaraq öndən çarpışmaları xəbərdar edən sistemi, adaptiv kruiz-kontrolu, həmçinin adaptiv fənərləri göstərmək olar.

Modelin mühərrik qamması barədə hələlik məlumat verilməmişdir. Hazırki ofroder dörd və altı silindrli benzin və dizel mühərrikləri ilə təchiz edilir.