Yapon avtomobilləri haqqında insayder məlumatları üzrə ixtisaslaşmış BestCarWeb portalı gələcək Toyota yenilikləri barədə yeni təfərrüatları paylaşıb. Jurnalistlərin adı çəkilməyən mənbələrə istinadən bildirdiyinə görə, avqustun əvvəlində Land Cruiser Prado modelinin yeni xüsusi versiyası işıq üzü görməlidir, ilin sonuna qədər isə, yapon brendi “beşinci” Prius hibridini təqdim edəcəkdir. Onun ardınca, 2023-cü ilin yazında dördüncü nəsil Toyota Alphard miniveninin və Land Cruiser Prado ofrouderinin yeni nəslinin təqdimatı keçirilməlidir.
Yeni məhsulların buraxılış cədvəlində Land Cruiser Prado modelinin xüsusi versiyasının debütü də nəzərdə tutulub. Yeni xüsusi versiya nəsil dəyişikliyi ərəfəsində çərçivəli ofrouderə olan marağı artırmaq üçün gərəkdir. Məsələn, Azərbaycanda Prado modelinə olan maraq çox aşağıdır və bir vaxtlar bizim bazarda populyar olan ofrouder liderliyi RAV4 modelinə verib.
Çox güman ki, söhbət bu ilin iyulunda elan edilmiş Matte Black Edition seriyasından gedir – belə ofrouder standart modeldən qara dekoru ilə fərqlənəcəkdir. Gələn il debüt edəcək yeni nəsil Land Cruiser Prado modelinə gəlincə, o,qurğu və aqreqatları Land Cruiser 300 ilə paylaşacaqdır.
Sıradakı avtomobil - 2022-ci ilin dekabrında nümayiş etdiriləcək beşinci nəsil Prius modelidir. Qeyri-rəsmi məlumatlara görə, Prius iki versiyada təqdim olunacaq: standart və plagin. Hibrid qurğunun tərkibinə 1,8-litrlik benzin mühərrikinin və səmərəliliyi artırılmış dartma nikel-metal hidrid batareyasının daxil olacağı gözlənilir. İlkin məlumatlara görə, növbəti nəsil Prius modeli yeni eksteryer və interyer dizaynını alacaqdır.
2023-cü ilin yazında debüt etməsi planlaşdırılan yeni Toyota Alphard miniveni TNGA platformasına keçməlidir. Şayiələrə görə, onun mühərrik çeşidi Toyota Crown krossoveri ilə unifikasiya ediləcəkdir - Alphard modeli 2,5 və 2,4 litrlik mühərriklərə əsaslanan iki hibrid qurğunu alacaqdır.
Rəsmi olaraq, Toyota yeni modellərin təqdimat vaxtını hələlik təsdiq etməyib ki, bu da yapon markasına xas olan cəhətdir. Yaponlar “danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipinə sadiq qalmağa davam edirlər.
Qeyd etmək gərəkdir ki, Toyota şirkəti bu yaxınlarda buraxılmış modellərə, yəni Land Cruiser 300, Lexus LX və NX modellərinə olan çoxlu sayda sifarişləri yerinə yetirməkdə çətinlik çəkir. İyunun əvvəlində şirkət artıq qəbul edilmiş müraciətləri emal etmək üçün, yeni müraciətlərin qəbulunu dayandırmalı olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.