Volkswagen şirkəti yeni nəsil Touareg krossoverini Pekində keçirilmiş xüsusi tədbirdə təqdim edib. Yeni krossover MLB Evo modul platformasınını qısa variantında inşa edilib. Bu platformadan Porsche Cayenne, onun uzun variantından isə Audi Q7, Bentley Bentayga və Lamborghini Urus modellərinin istehsalında istifadə edilir.
Yeni Touareg modelinin qabarit uzunluğu 4878 millimetr, eni - 1984 millimetr, hündürlüyü isə 1702 millimetrdir. Beləliklə, yeni krossover sələfindən 77 millimetr uzun, 44 millimetr enli və 7 millimetr alçaqdır. Avtomobilin təkər bazası 3 millimetr artaraq 2895 millimetrə çatıb. Modelin baqaj bölümünün həcmi 697 litrdən 810 litrə qədər artıb.
Krossover öndə iki qollu, arxa da isə çoxqollu asqıya malikdir. Yeni Touareg standart olaraq yaylı və opsional pnevmatik asqı ilə təklif ediləcəkdir. Təkərlərin diametri 18-21 düym arasında olacaqdır. Aqressiv görkəmli R-Line modifikasiyasını ilk günlərdən sifariş etmək mümkün olacaqdır.
Ən sadə VW Touareg modeli parça salona, sadə cihazlar panelinə, kiçik mərkəzi displeyə və iki zonalı klimat-kontrola sahib olacaqdır. Bahalı versiyalar üçün isə Innovision Cockpit nəzərdə tutulub: cihazlar panelinin 12-düymlük ekranı, mediasistemin və klimat-kontrolun idarəetmə funksiyalarına cavabdeh olan 15-düymlük taçskrini sürücünü əhatə edən vahid paneldə birləşdirilib. Bu arxitektura sonradan bütün VW modellərində tətbiq ediləcəkdir.
Arxa oturacaq cərgəsi uzununa 160 millimetrlik tənzimləməyə malikdir. Oturacaqlarının kürək hissəsi isə üç qeyd olunan vəziyyətdə tənzimlənə bilir.
Yeni krossoverin avadanlıq siyahısına dörd zonalı klimat-kontrol, səkkiz quröunu birləşdirmək imkanı verən Wi-Fi giriş nöqtəsinə, massaj funksiyası olan multikonturlu oturacaqlar, gecə görüntü kamerası, matriza tipli ön fənərlər və 1270 millimetrlik panoram tavan daxil edilib. Ofroud versiyasına olan cüzi tələbat alman istehsalçısını mexaniki mərkəzi differensialı olan transmissiyadan imtina etməyə məcbur edib. Eyni zamanda, aşağı sıra pillələri və arxa differensialın qapanması da yoxa çxıb.
Tam ötürmə sisteminə Porsche Cayenne modelində olduğu kimi çoxdiskli mufta cavabdehdir. Əlbəttə ki, Touareg modelinin tənzimləmələri tam fərqlidir.
Avtomobilin avadanlıq siyahısında Off-Road dəsti əlavə edilsə də, bu idarəetmə elektronikasının dörd rejimindən ibarətdir: Off-Road, Auto, Sand, Gravel və Off-Road Expert. Bundan başqa, avtomobil 90 litrlik yanacaq çəninə və altlığın gücləndirilmiş müdafiəsinə malik olacaqdır. Touareg 60 faizlik yoxuşa qalxmaq, 3,5 tonluq qoşqunu yedəyə almaq və 490 millimetrlik çay keçidini qət etmək iqtidarındadır. Pnevmatik asqı ilə isə bu rəqəm 570 millimetr təşkil edir.
Asfaltda daha yaxşı idarələnməni təmin etmək üçün krossoveri aktiv stabilizatorlar və tam idarəolunan şassi ilə təchiz etmək olar. Arxa təkərlərin dönməsi sayəsində avtomobilin dönmə radiusu bir metr azalır və döngələrdəki sabitliyə xidmət edir. Yeni Touareg modelinin mühərrik çeşidinə 249 at qüvvəli 2,0-litrlik dörd silindrli benzin mühərriki daxil edilib. Bu mühərrik Çində təklif olunacaq 367 at qüvvəli hibrid güc qurğisinin əsasını təşkil edəcəkdir.
Avropada isə ən tələb edilən mühərrik, 231 və 286 at qüvvəsində variantlarında təklif ediləcək 3,0-litrlik dizel aqreqatı olacaqdır. Krossoverin top variantları 340 at qüvvəli 3,0-litrlik altı silindrli benzin mühərriki və 421 at qüvvəli 4,0-litrlik səkkiz silindrli dizel aqreqatı ilə təchiz ediləcəkdirlər. Bütün mühərriklər səkkiz pilləli ZF avtomatik transmissiyası ilə birlikdə çalışacaqdırlar.
Yeni Volkswagen Touareg modeli əvvəllki kimi alman markasının Slovakiyadakı zavodunda istehsal ediləcəkdir.