Toyota şirkəti Los Ancelesdə keçiriləcək avtomobil sərgisinin ərəfəsində özünün ən populyar biznes sedanının doqquzuncu nəslini nümayiş etdirib. Qeyd etmək gərəkdir ki, yaponlar Şimali Amerikada təklif olunun çeşidi ixtisara da salıblar: 2025-ci model ilində Toyota Camry yalnız hibrid versiyada, yalnız eCVT variatoru ilə və yalnız dörd təchizat səviyyəsində təklif ediləcək. Elektrik mühərriki ilə təmin edilən tam ötürmə sistemi bütün versiyalar üçün opsiyadır. Əsas yenilik isə, müasir interyerdir.
Toyota 2025-ci model ilinin sedanını Camry modelinin doqquzuncu nəsli hesab edir və görünən odur ki, burada heç bir ziddiyyət yoxdur: gələn il XV70 indeksli cari modelin yeddi yaşı tamam olacaq.
Bununla belə, avtomobil istehsalçısı yeni modelin sələfinin TNGA-K platformasında inşa oluduğunu təsdiqləyib. Şassidə elan edilən dəyişikliklər arasında başqa amortizatorlarla təchiz olunan təkmilləşdirilmiş asqı var. Təkmilləşdirmələrin həcmini avtomobilin yan tərəfdən görünüşü nümayiş etdirir: ilk baxışdan dəyişikliyin olmadığı görünür.
Əslində, Toyota köhnə kuzovun əsasını saxlayıb, lakin arxa sütununa bağlı bir hissəni əlavə edərək pəncərə xəttini dəyişdirməyi bacarıb. Qapı və qanadlarda dəyişikliklər minimaldır,qapı tutacaqları, xarici güzgülər və yanacaq çəkinin qapağı kimi xırda şeylər ümumiyyətlə dəyişdirilməyib.
Bununla belə, sedan yeni Prius və Crown ailəsinin ruhunda olan tamamilə fərqli görünüşə sahibdir. Buna ön tərəfin radikal plastik cərrahiyyəsi sayəsində nail olunub: ön çıxıntı artırılıb, kapot fərqli şəkildə qəliblənib, "dimdikli" bamper isə keçmişdə qalıb. Ən son Toyota avtomobillərinin əsas dizayn elementi C formalı optikadır.
İki tərtibat variantı mövcuddur: LE (XLE) versiyalarında dizayn daha təmkinli, SE (XSE) versiyalarında daha idman üslubundadır. Toyota kuzov boyaları palitrasına cəmi iki yeni rəngi əlavə edib. Rəsmi şəkillərdəki avtomobillər məhz bu rəngdədirlər - Camry XLE firuzəyi Ocean Gem metallik rənginə, Camry XSE isə boz rəngin Heavy Metal çalarına boyanıb.
"İdman" xarakterli görünüşü olan sedanı 19-düymlük özünəməxsus təkər diskləri (standart - 18 düym), ön bamperin hava girişlərinin iri pətəkşəkilli barmaqlıqları, buraxılış sisteminin qoşa çıxış borusu, baqaj qapağındakı spoyler və psevdodiffuzor sayəsində tanımaq olar. Yeni Camry sedanı üçün zavod Toyota Racing Development (TRD) dekoru nəzərdə tutulmayıb. Çox güman ki, sonradan bu çatışmazlıq aradan qaldırıla bilər.
Doqquzuncu nəsil Camry modelinin interyeri tamamilə fərqlidir: ön panel, sükan, mərkəzi tunel və oturacaqlar dəyişdirilib! Baza təchizatına yeddi düymlük virtual cihazlar paneli və media sisteminin səkkiz düymlük sensorlu ekranı daxildir, lakin baza versiyaları sayılan SE və LE təchizat səviyyələri nümayiş edilməyiblər.
Şəkillərdə yalnız iki 12,3-düymlük ekranı olan top variantlar göstərilir. “Süzən” sensorlu ekran artıq yoxdur, funksional şaybaları olan klimat-kontrol bloku keçmişdə qalıb, asimmetrik dirsəkaltıdan da imtina edilib.
Yaponlar analoq düymələrdən tamamilə imtina etməyiblər: sensorlu displeydə tənzimləmə şaybası var, temperaturun və dövriyyə tənzimləmələri toxunuşla idarə edilə bilər. Çoxfunksiyalı sükan son zaman dəbdə olan sensorlu düymələri almayıb.
Qapı kartları, səsə sisteminin dinamikləri olan kuzov sütunları və avtomatik transmissiyanın selektoru Camry XV70 sedanının mirasıdır. Parlaq qırmızı tərtibat materialları, seçilən tikişlər və metal pedallar SE və XSE "idman" versiyalarının imtiyazıdır.
Zəngin təchizata malik olan sedanların avadanlıq siyahısında qadcetlər üçün simsiz doldurma sistemi, 10 düymlük proyeksiya ekranı, doqquz dinamikli JBL stereosistemi, mikrofiber və orijinal dəridən üzlüklər, qızdırılan və havalandırılan oturacaqlar, çoxqatlı ön şüşələr, panoram görünüş, avtomatik parklanma, avtomatik əyləcləmə funksiyası, zolaqda saxlama və kəsişmələri keçmə köməkçiləri var.
Adaptiv kruiz-kontrol, yol nişanlarının tanınması, zolağa nəzarət, piyadaların aşkarlanması sistemi və avtomatik uzaq işıqlar artıq baza təchizatına daxildir.
Yeni Toyota Camry yalnız HEV hibrid güc aqreqatı ilə satışa çıxarılacaq. Söhbət 2,5-litrlik atmosfer mühərrikinə əsaslanan üçmühərrikli sistemdən gedir: ön ötürməli versiya 228 at qüvvəsi, arxa oxun ötürməsində elektrik mühərriki olan tam ötürməli AWD modifikasiyası isə 235 at qüvvəsi hasil edəcək.
Satış statistikasına nəzər yetirsək, hibridə üstünlük vermək qərarı bir qədər mübahisəli görünür. Şimali Amerikada Camry alıcılarının yalnız 11 faizi benzin-elektrik variantını seçib: 82(!) faiz adi dördsilindrli versiyaya üstünlük verib, 7 faiz isə V6 mühərrikinə görə əlavə ödəniş etməkdən çəkinməyib.
Toyota eCVT variatoru olan hibrid sistemin yenidən sazlandığını, ona görə də indi benzin mühərrikinin daha aşağı dövrlərdə işlədiyini iddia edir. Biznes sedanının daha elastik olduğu da bildirilir. Yapon istehsalçısı yanacaq sərfiyyatı, dinamika və dartma batareyasının tutumu barədə məlumat vermir.
Hazırkı ön ötməli Toyota Camry Hybrid sedanı kombinə edilmiş rejimdə 100 kilometrə 4,5 litr benzin sərf edir, 100 km/saata sürətlənmə isə 8,3 saniyə çəkir. Amerikalı jurnalistlər adi benzin versiyalarından imtinanın qiymətin əhəmiyyətli dərəcədə artmasına səbəb olacağını hesab edirlər.
Hazırkı sedanın qiyməti 26 420, baza hibridinin isə 28 855 dollardan başlayır. Yeni sedanın başlanğıc qiymətinin ən azı 30 min dollar olacağı gözlənilir - yəni Toyota Camry qiyməti təxminən 15 faiz artıracaq!
Qiymət siyahısının dərcinə hələ vaxt var, çünki yeni biznes sedan Amerikadakı dilerlərin salonlarında yalnız 2024-cü ilin yazında peyda olacaq. Hələlik Camry Toyota markasının ən çox satılan dörd avtomobilindən biridir və ABŞ-da hər il təxminən 300 min nüsxəlik tirajla satılır.
Elektrikləşmə və qiymət artımının məşhur sedanın satışlarına necə təsir göstərəcəyini söyləmək çətindir, çünki Azərbaycanda da Camry sedanını seçənlərin əksəriyyəti adi benzin versiyalarına üstünlük verir. Bu suala cavab tapmaq üçün isə, bizə Avropa üçün nəzərdə tutulmuş versiyanı və onun satışlarının başlanmasını gözləmək qalır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.