On beş il əvvəl Nissan Leaf ilk kütləvi istehsal edilən elektromobil olub: bu günə qədər demək olar ki, 700 min elektrokar satılıb. Bununla belə, bütün bu illər ərzində onun təkamülü olduqca yumşaq şəkildə aparılıb. Şirkət uzun müddətdir ki, tamamilə yeni üçüncü nəsil Leaf modelini buraxmağı planlaşdırır: ilk tizer dörd il əvvəl nümayiş etdirilib! Elektromobilin yaradılması Nissan şirkətinin böhrana uğraması fonunda gecikib, lakin artıq yeni Nissan Leaf tamamilə hazırdır və nümayiş etdirilib.

Nissan nəsil dəyişikliyi ilə birlikdə, Leaf hetçbekdən maili damı olan yığcam krossoverə çevrilib. Üstəlik, arxa fənərlərin quraşdırıldığı qara parlaq panel Nissan Z idman avtomobilinin üslubundadır. Maraqlıdır ki, yeni Leaf sələfindən daha yığcamdır.
Hətta təkər bazası 2700-dən 2690 millimetrə azaldılıb. Eyni zamanda, avtomobilin uzunluğu 4490-dan 4350 millimetrə qədər azalıb! Ancaq bu, Avropada satılan avtomobillərə aiddir, ABŞ üçün nəzərdə tutulmuş Leaf modelində dolğun bamperlər var və ümumi uzunluğu 4405 millimetrdir.

Krossoverin eni 1810 millimetr, hündürlüyü Avropa versiyası üçün 1550 (bu, əvvəlki hetçbekdəkindən cəmi 10 millimetr çoxdur), Amerika versiyası üçün isə, 1557 millimetr təşkil edir.
Təkər diskləri 18 və ya 19 düymlük ola bilər, lakin Avropa üçün 195/60 R18 ölçülü şinləri olan (digər bazarlarda 215/55 R18) daha ensiz və optimallaşdırılmış təkər diskləri hazırlanıb. Nəticədə, Avropa üçün Leaf daha aerodinamik olub: digər ölkələrdəki 0,26 əvəzinə 0,25.

Düz döşəmə və mərkəzi tunelin olmaması səbəbindən bu sinif üçün həsəd aparılacaq salon genişliyi vəd edilir. Öndə simsiz doldurma meydançası və ayrıca fincan tutacaqları olan çoxfunksiyalı qutu-dirsəkaltı quraşdırılıb. İki səviyyəli ön paneldə cihazlar panelinin və media sistemin bir blokda birləşdirilmiş displeyləri yerləşir.
Başlanğıc səviyyəli versiyalarda iki 12,3 düymlük ekran var, daha bahalı versiyalarda isə, diaqonalı 14,3 düymədək artırılmış ekranlar quraşdırılır. Media sistemi Wi-Fi paylaya bilir, Apple CarPlay və Android Auto simsiz protokollarını dəstəkləyir, üstəlik, firma NissanConnect sisteminə malikdir.

Əlavə seçimlərə ön başlıqlara inteqrasiya edilmiş dinamikləri olan premium Bose audio sistemi (salonda on ədəd var) və ayrı-ayrı bölmələrini tündləşdirmək mümkün olan elektroxrom panoram dam (pərdə nəzərdə tutlmayıb) daxildir.
Daxili tərtibat üçün parçadan, adi dəridən və ya daha bahalı TailorFit materialından hazırlanan bir neçə rəng sxemi təklif olunur. Baqajın həcmi amerikan avtomobillər üçün 420 litr, Avropa versiyaları üçün 437 litrdir.

Yeni Nissan Leaf Renault Scenic E-Tech və ya Nissan Ariya krossoverlərinin əsasını təşkil edən universal AmpR Medium platformasında (digər adılə CMF-EV) inşa olunub. Ön tərəfdə McPherson dayaqları, arxada isə, çoxqollu asma quraşdırılıb (əvvəllər Leaf yarımüstəqil sxemə malik idi).
Bununla belə, yeganə elektrik mühərriki ön oxda, özü də reduktor və inventor ilə vahid blokda quraşdırılır. Bu, yeni modulun ölçülərini sələfi ilə müqayisədə 10%, vibrasiyasını isə, 75% azaldıb.Hər iki halda maksimal sürət 160 km/saat həddində məhdudlaşdırılır, lakin 100 km/saat sürətlənmə vaxtı istənilən halda fərqlidir: müvafiq olaraq 8,6 və 7,6 saniyə.

Baza Leaf modeli effektiv tutumu 52,9 kilovat/saat olan batareya ilə təchiz olunur, onun mühərriki isə, 174 at qüvvəsi və 345 Nm hasil edir. İkinci versiyada isə, 75,1 kilovat/saatlıq batareya, həmçinin 214 at qüvvəsi və 355 Nm hasil edən mühərrik var. Hər iki batareya mayeli istilik tənzimləmə sistemi ilə təchiz edilir.
Elektromobilin kütləsi təchizat və seçilmiş batareyadan asılı olaraq 1794-dən 1982 kiloqram arasında dəyişir. Yürüş məsafəsi WLTP dövrünə əsasən müvafiq olaraq 436 və 604 kilometrdir, lakin Nissan eyni zamanda 130 km/saat sabit sürətdə qət edilən məsafəni göstərib: 224 və 330 kilometr.

Baza Leaf krossoveri 7,4 kilovat gücündə şarj qurğusuna malikdir. Eyni zamanda, elektrokarı 105 kilovata qədər gücə malik olan SC terminallardan doldurmaq mümkündür. Böyük batareyası olan versiyalar üçün bu rəqəmlər daha yüksəkdir: 11 və 150 kilovat.
Amerikada yeni Leaf Tesla Supercharger sürətli doldurma şəbəkəsinə girişi təmin edən NACS şarj portunu alan ilk Nissan modeli olacaq. Bundan əlavə, elektromobil 1500 vatt gücündə məişət rozetkası ilə təchiz edilib və xarici istehlakçıları enerji ilə təmin edə bilir.
Üçüncü nəsil Nissan Leaf elektromobilinin ilk və əsas bazarı ABŞ olacaq: orada, cari payızda, Yaponiya istehsalı olan avtomobillərin satışına başlanacaq. Avropada satılacaq Leaf modeli Böyük Britaniyadakı zavodda yığılacaq, lakin onun satışlarına 2026-cı ilin yazında start veriləcək. Qiymətlər hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.