Nissan şirkəti mütəmadi olaraq ayda bir dəfə üçüncü nəsil Nissan Qashqai krossoveri haqqında yeni məlumat yayımlayır. Noyabr ayında krossoverin kamuflyajdakı şəkilləri, dekabrda interyerinin təsvirləri nümayiş etdirilib. Bu ay isə, Avropa bazarında satılacaq krossoverin təchiz ediləcəyi güc aqreqatları ilə bağlı detallar açıqlanıb. Bundan əlavə, avtomobilin uzunluğu dərc edilib: yeni krossverin uzunluğu 4425 millimetr təşkil edir. Xatırladaq ki, cari nəsil Qashqai modeli 4379 millimetr uzunluğa malikdir.
Gözlənildiyi kimi, krossoverin mühərrik çeşidində dizel aqreqatı olmayacaqdır. Üstəlik, plana əsasən, 2024-cü ilədək Avropada satılan Nissan modellərinin yarısı elektrikləşdirilməlidir, bu səbəbdən yeni Qashqai modeli yalnız hibrid güc qurğuları ilə təklif ediləcəkdir. Ancaq alıcılar iki variant arasından seçim edə biləcəklər.
Birinci variant "mülayim" hibriddir. Kapotun altında Euro 6d normalarına cavab verən təkmilləşdirilmiş 1.3 DiG-T benzin turbomühərriki yerləşəcəkdir. Mühərrikin əlliyə yaxın yeni komponenti var.
Məsələn, işləmçiş qazların atılmasının təzyiqini dəyişən klapanın elektron idarəetmə sistemi. 22 kiloqram ağırlığında olan hibrid əlavəyə 12 voltluq startyor-generator və yığcam litium-ion batareyası daxildir. Generator 6 Nm fırlanma anı hasil edərək, 110 km/saat sürətinə qədər benzin mühərrikinə kömək edəcəkdir. Baxmayaraq ki, batareyadakı enerji ehtiyatı 20 saniyəyə kifayət edəcəkdir.
Yeni Nissan Qashqai modelinin benzin mühərriki iki güc variantına malik olacaqdır . Birinci variant 140 at qüvvəsi və 240 Nm fırlanma anı təklif edəcək və yalnız mexaniki ötürmələr qutusu olan avtomobillərdə quraşdırılacaqdır. İkinci variant , mexaniki transmissiya ilə 160 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edəcək, variatorla təchiz edilən versiyanın fırlanma anı isə 270 Nm-ə qədər artırılacaqdır.
Üstəlik, tam ötürmə sistemi yalnız variatorla təchiz edilmiş Qashqai üçün əlçatan olacaqdır: digər versiyalar isə mono ötürməyə malik olacaqdırlar. Arxa oxu qoşan yeni mufta əvvəlkindən 0.2 saniyə daha tez qoşula bilər. Tam ötürməli krossoverlər adi Standart, Eco və Sport hərəkət rejimlərinə əlavə olaraq, Snow və Off-Road rejimlərini də əldə edəcəklər.
İkinci hibrid daha qabaqcıldır. Yeni Qashqai modeli, Avropada e-Power hibrid sistemi ilə təklif edilən ilk Nissan avtomobili olacaqdır. Xatırladaq ki, bu sistem artıq dörd ildir ki, Yaponiyada təklif edilir. Sistemin mahiyyəti ondan ibarətdir ki, təkərləri yalnız 190 at qüvvəli elektrik mühərriki hərəkətə gətirir, daxili yanma mühərriki isə dartma batareyasını doldurmaq üçün generator rejimində işləyir.
Nissan Qashqai e-Powermodeli, dəyişkən sıxılma nisbətinə malik olan yeni 157 at qüvvəli 1.5-litrlik benzin turbomühərriki sahib olacaqdır. Maksimal rekupersaiyanı təmin etmək üçün, bir pedaldan istifadə etməyə imkan verən e-Pedal rejimi də mövcuddur.
Yeni krossoverin onlayn təqdimatı tezliklə baş tutmalıdır, çünki Avropada satışların başlanması 2021-ci ilin yazına planlaşdırılır. Doğrudur, e-Power versiyasını 2022-ci ilə qədər gözləmək gərək olacaqdır.