Nissan şirkəti Şimali Amerika bazarında satılan Rogue modelinin yeni nəslini təqdim edib. Rogue bizim bazarda daha çox X-Trail adı ilə məşhurdur. Yeni Rogue krossoveri sələfindən ikimərtəbəli LED işıq texnikası və atletik formaları ilə fərqlənir. Eyni zamanda, ilk dəfə olaraq, krossover ikirəngli kuzov ilə təklif ediləcəkdir.
Krossoverin ölçüləri bir qədər yığcam olub: yeni Nissan Rogue modelinin qabarit uzunluğu 4648 millimetr, eni - 1839 millimetr. hündürlüyü - 1699 millimetr, təkər bazasının genişliyi isə 2705 millimetr təşkil edir. Beləliklə, yeni Rogue sələfindən 38 millimetr qısa və 28 millimetr alçaqdır.
İstehsalçı yeni modelin çoxqollu arxa asqısı olan yeni CMF-C/D modul platformasında inşa edildiyini bildirir. Bundan başqa, krossover yeni sükan güzləndiricisinə də sahib olub. Krossoverin təchizatına 17-19 düymlük təkər diskləri daxil edilib.
Eyni zamanda, Nissan şirkəti krossoverin daha effektiv aerodinamikaya malik olduğunu iddia edir: avtomobilin altındakı qalxanların konfiqurasiyası optimallaşdırılıb və radiatorun qarşısında, gərək olduqda elektronikanın komandası ilə acılan pərdələr quraşdırılıb. Bütün bunlara baxmayaraq, yeni modelin aerodinamik müqavilmət əmsalı artaraq 0,331-ə bərabər olub. Xatırladaq ki, əvvəlki modeldə bu əmsal 0.327-ə bərabər idi.
Artıq krossoverin arxa qapıları demək olar ki, 90 dərəcə açılır - bu, uşaq oturacağının quraşdırılmasını asanlaşdırır. Üstəlik, arxa cərgədə üç Isofix bərkitmə nöqtəsi mövcuddur. Açarsız giriş düyməsi indi yalnız ön qapılarda deyil, həm də arxa qapılarda da quraşdırılır: arxa qapıdakı düyməyə tək toxunuş həmin qapının kilidini açır, ikiqat toxunuşla isə bütün kilidlər açılmış olur.
Salonda baş vermiş dəyişikliklər daha ciddi xarakter daşıyır. Transmissiyanı, onunla mexaniki əlaqəsi olmayan coystik vasitəsi ilə idarə etmək mümkündür. Buna görə də, mərkəzi tunel artıq «ikimərtəbəlidir". Krossover standart olaraq yeddi düymlük ekranı olan analoq cihazlar paneli ilə təchiz edilir. Əlavə ödəniş qarşılığında 12,3-düymlük virtual cihazlar panelini sifariş etmək olar. Digər bir opsiya - 10,8-düymlük proyeksiya displeyidir. Mediasistem 9,0-düymlük sensorlu ekrana və simsiz Apple CarPlay bağlantısına malikdir.
Yeni modelin standart avadanlıq siyahısına 10 təhlükəsizlik yastığı və Safety Shield 360 kompleksi daxil edilib. Sonuncunun tərkibinə avtomatik əyləcləmə sistemi, adaptiv uzaq işıqlar, yol nişanları və kor zonalara nəzarət sistemi, həmçinin arxa görüntü kamerası daxildir. Dairəvi görüntü kameraları üçün ayrıca ödəniş etmək gərəkdir.
Adaptiv kruiz-kontrol 30 saniyəlik dayanmadan sonra hərəkəti sərbəst şəkildə davam etdirə bilər. İlk dəfə olaraq, opsiyalar siyahısına üçzonalı klimat-kontrol daxil edilib. Bundan başqa, Nissan Rogue modeli qızdırılan sükan çarxı və arxa divan ilə də təchiz edilə bilər.
Krossoverin baqaj bölməsinin həcmi dəyişməyib: amerikan SAE standartına uyğun olaraq, baqajı 1113 litr həcmində yüklə doldurmaq olar. Arxa sıranın qatlanması halında bu həcmi 2098 litrə (+106 litr) qədər artırmaq mümkündür. Beşinci qapının elektrik ötürməsini bamperin altına "təpik vurmaqla" aktivləşdirimək də olar. Arxa sərnişinlərin günəşdən qorunmasını təmin etmək üçün arxa qapılarda pərdələr quraşdırılıb.
Yeni Nissan Rogue modeli alternativsiz olaraq birbaşa çiləməli 2,5-litrlik atmosfer mühərriki ilə təchiz olunur. Mühərrikin hasilatı 184 at qüvvəsi və 245 Nm (əvvəllər 172 at qüvvəsi və 237 Nm) təşkil edir.
Xtronic variatoru dəyişilməz qalıb, lakin tam ötürməli versiyalarda arxa oxu qoşan yeni elektro-hidravlik mufta quraşdırılır. Ön ötürməli versiyalar üç hərəkət rejiminə malikdirlər - Standard, Eco, Sport. Tam ötürməli versiyaların hərəkət rejimlərinə Off-road və Snow rejimləri əlavə edilibdir.
Yeni Nissan Rogue modelinin ABŞ bazarındakı satışlarına payızda start veriləcəkdir. Bizim bazarda satılacaq Nissan X-Trail modelinin dördüncü nəsli isə bir müddət sonra debüt edəcəkdir.