Yeni Nissan Terrano Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin (MIIT) homologasiya sənədlərində üzə çıxıb. Zhengzhou Nissan birgə müəssisəsində istehsal ediləcək model çərçivəli konstruksiyaya malik iri yolsuzluq avtomobili kimi hazırlanıb. Onun seriya versiyasının təqdimatı 2027-ci ilin aprel ayınadək gözlənilir.
Terrano Nissan Frontier Pro pikapı ilə eyni texniki bazanı bölüşür. Avtomobilin uzunluğu 5098, eni 1980, hündürlüyü isə 1960 millimetrdir. Təkər bazası 2850 millimetr təşkil edir. Bu ölçülər yeni Terrano-nun Toyota Land Cruiser 250-dən 110 millimetr uzun olduğunu göstərir.
Yolsuzluq imkanlarına 36 dərəcəlik yaxınlaşma və 31 dərəcəlik çıxış bucaqları daxildir. Model 265/65 R18 ölçülü şinlərlə təchiz edilir və 2500 kiloqeamadək qoşqunu yedəyə ala bilir. Terrano yalnız beşyerlik, iki oturacaq sırası olan salonla təklif ediləcək. Arxa qapı yan tərəfə açılır, ehtiyat təkər isə kuzovun arxasında yerləşdirilib.
Mühərrik çeşidinə üç güc qurğusu daxildir. Benzin versiya 2,0-litrlik turbomühərriklə təchiz olunur və 258 at gücü hasil edir. 2,3-litrlik turbodizel 190 at gücünə malikdir. Hər iki daxiliyanma mühərrikli versiyanın maksimal sürəti 170 km/saat təşkil edir.
Plagin hibrid modifikasiya 2,0-litrlik benzin turbomühərriki və elektromotor ilə təchiz edilir. Benzin mühərrik 207 at gücü, elektrik mühərriki isə pik rejimdə 272 at gücü hasil edir. Sistemin ümumi gücü hələlik açıqlanmayıb. Hibrid versiyanın maksimal sürəti 180 km/saatdır və LFP tipli batareyadan istifadə edir.
Bütün versiyalar sadə tam ötürmə sisteminə malik olacaqlar. Hibrid variantın texniki göstəriciləri daha ağır konstruksiyaya işarə edir: onun boş çəkisi 2800, benzin versiyanın çəkisi isə 2280 kiloqramdır.
Yeni Terrano ilk növbədə Çin bazarı üçün nəzərdə tutulub. Bununla belə, Nissan modelin seçilmiş beynəlxalq bazarlara ixracını da planlaşdırır. Qiymətlər və satışın başlanma tarixi açıqlanmayıb.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









