Nissan Z avtomobillərinin tarixi yarım əsrdən çoxdur davam edir: 1969-cu ildən bu günə qədər 1,8 milyondan çox nisbətən ucuz idman avtomobilləri istehsal olunub. Üstəlik, modelin tarixində yalnız bir dəfə fasilə olub: 2000 - 2002-ci illər arasında Nissan şirkətinin model xəttində Z-modeli olmayıb. O zaman Nissan şirkəti iflasın bir addımlığında idi.
On iki ilə yaxındır ki, buraxılan Nissan 370Z sportkarı tezliklə yeni bir avtomobil ilə əvəzlənəcəkdir. Bu sportkarın carçısı isə Nissan Z Proto kupesidir.
Bu gün təqdim edilən avtomobil yalnız işlək bir prototipdir. Modelin hazırlanması hələ tamamlanmayıb, bu səbəbdən də avtomobil haqqında ətraflı məlumat verilməyib. Məsələn, güc aqreqatı haqqında bilinən yeganə məlumat, sportkarın kapotunun altında 6-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan V6 biturbo mühərrikinin olmasıdır.
İyirmi ildən sonra Z-modeli turboüfürməyə qayıdır. Bununla belə, belə mühərriklərin səksəninci illərdə əlavə ödəniş ilə təklif olunduğunu, doxsanıncı illərdə isə, Twin Turbo indeksli Nissan 300ZX modelinin "əsl Z-modeli" sayıldığını xatırlatmaq gərəkdir.
Hələlik isə, Nissan Z Proto bizi özünün retro cizgilərə malik olan dizaynından həzz almağa çağırır. Prototipin dizaynı üzərində şirkətin baş dizayneri kubalı Alfonso Albaisanın rəhbərlik etdiyi yapon dizaynerləri işləyiblər. Kupenin ümumi silueti və fənərlərinin forması ilk Nissan 240Z kupesinin yeni şərhidir. Ancaq arxa hissə və xüsusən də arxa fənərlər 90-cı illərin Nissan 300ZX sportkarının üslubundadır.
Sportkarın dərc olunmuş yeganə xüsusiyyətləri onun ölçülərdir. Yeni kupenin qabarit uzunluğu 4382 millimetr, eni - 1850 millimetr, hündürlüyü isə 1310 millimetrdir. Prototip 19 düymlük təkər diskləri ilə təchiz edilib.
Sportkarın daxili tərtibatında retro motivlərə üstünlük verilməyib. Nəsillər arasındakı bağlılğı yalnız kiçik topu olan üçqollu sükan çarxı, ön panelin üstündəki cihazlar üçlüyü (ilk 240Z modelində olduğu kimi) və qapılarda yerləşən havalandırça deflektorları (300ZX modelində olduğu kimi) işarə edir.
Bunlara baxmayaraq, sportkar 12.3-düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin eyni ölçülü ekranı ilə təchiz edilib. Yeri gəlmişkən, ənənəvi mexaniki əl əyləci qorunub saxlanılıb.
Qeyri-rəsmi məlumatlara görə, seriya sportkarı Nissan 400Z adlanacaqdır. Yapon istehsalçısı artıq belə əmtəə nişanını qeydə alıb. Sportkarın kapotunun altında təxminən 405 at qüvvəsi hasil edən yeni 3,0-litrlik turbomühərrik yerləşəcəkdir. Əlbəttə ki, mexaniki transmissiya ilə yanaşı, “avtomat” da təklif olunacaqdır.
Nissan seriya modelinin dəqiq tarixini açıqlamasa da, böyük ehtimalla, seriya sportkarı 2021-ci ildə təqdim ediləcəkdir.