İyul ayında təqdim edilən yeni nəsil Opel Astra hetçbeki hələ də satışa çıxmayıb. Yeni hetçbekin Avropadakı satışlarının başlanması 2022-ci ilin əvvəlinə planlaşdırılır.
Buna baxmayaraq, modelin Almaniyadakı baza qiyməti açıqlanıb: 1,2-litrlik turbomühərriki (110 at qüvvəsi) və mexaniki transmissiya ilə təchiz edilmiş avtomobil üçün 22.465 avro tələb olunur. Müqayisə üçün: Astra ilə eyni platformanı bölüşən Peugeot 308 modelinin qiyməti Almaniyada 23.200 avrodan başlayır, Volkswagen Golf üçün isə, ən azı 27.615 avro tələb edilir.
Qeyd etmək lazımdır ki, alman istehsalçısı yeni Astra ailəsini genişləndirəcəyini elan edib. Bu ilin payızında debüt edəcək Astra Sports Tourer universalı artıq elan edilib. İndi isə, Opel şirkəti Astra-e sırf elektrik modifikasiyasının buraxılacağını rəsmən təsdiqləyib.
Elektrokar 2023-cü ilin əvvəlində debüt edəcək və ön oxda quraşdırılmış elektrik mühərrikinə malik olacaqdır. Amma Astar-e haqqında təfərrüatlar daha sonra açıqlanacaqdır.
Eyni zamanda, Almaniya mətbuatında Opel şirkətinin “qaynar” Astra OPC hetçbekini canlandıracağı barədə məlumatlar peyda olub. “Qaynar” Astra modellərinin istehsalına 2018-ci ildə son verilib. Sonuncu “qaynar” hetçbek 280 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz edilən üçqapılı Astra J hetçbeki olub.
Yola saldığımız Astra K modelinin modifikasiya çeşidində OPC versiyası olmayıb, ən güclü mühərrik isə 200 at qüvvəsi hasil edirdi. İlkin məlumatlara görə, yeni Opel Astra OPC modeli təxminən 300 at qüvvəsi hasil edən hibrid güc qurğusu ilə təchiz edilmiş beşqapılı hetçbek olacaqdır. Lakin “qaynar” modelin debüt tarixi hələlik məlum deyil.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.