Avropada yeni Volkswagen Passat B9 yalnız universal kuzovu ilə təklif olunur. Lakin Çin üçün iki Passat sedanı hazırlanıb. Onlardan biri Magotan adlanır: o, hələ iyul ayında bazara çıxarılıb və FAW-Volkswagen birgə müəssisəsi tərəfindən istehsal olunur. Rəqib SAIC-Volkswagen birgə müəssisəsi isə, öz versiyasını yalnız indi, Çenqdu avtosalonunda təqdim edib. Bu model Volkswagen Passat Pro adlanır.
Çində satılan 2018-ci ilin Passat modelinin keçmiş avropalı adaşı ilə heç bir əlaqəsi yoxdur. Amma ən yeni Passat Pro yeni universalın ən yaxın qohumudur: onların kuzovunun ön hissəsi tamamilə eynidir. Üstəlik, “sakit” görünüşlü baza variantı ilə daha aqressiv bamperlərə və qara dekora malik olan “idman” variantı arasında seçim təklif edilir.
Çin sedanı Avropa universalından daha böyükdür: onun təkər bazası 2871 millimetrə (+ 30 millimetr) qədər artırılıb, ümumi uzunluğu isə, beş metri (5006 millimetr) keçir. Hətta eyni təkər bazasına malik olan qohum Magotan daha sadə aerodinamik dayağa və 4990 millimetrlik uzunluğa malikdir. Sedanın eni 1850, hündürlüyü isə, 1489 millimetrdir. Sedan 17-19 düym arasında ölçüləri olan təkər diskləri ilə təklif olunur.
Hər iki Çin sedanının interyeri demək olar ki, eyni şəkildə tərtib edilib və onlar Avropadakı universaldan ilk növbədə ön sərnişin üçün üçüncü ekranın (11,6 düym) mövcudluğu ilə fərqlənir. Media sisteminin mərkəzi planşetinin diaqonalı 15, sürücünün qarşısındakı cihazlar panelinin isə, 10,25 düymdür. Tamamlanmış reallıqlı proyeksiya ekranı, kontur işıqlandırması və havanın ətirləndirilməsi sistemi də var. Harman/Kardon audiosistemi 16 dinamiklidir. Maksimal təchizatlı Passat Pro arxa oturacaqların qızdırılması, havalandırılması və masaj funksiyalarını, həmçinin onların kürək hissəsinin elektriklə tənzimlənməsini təklif edir. Avtopilot ikinci səviyyəli avtonomluğu dəstəkləyir və dron istehsalçısı olan DJI şirkəti ilə əməkdaşlıqda yaradılıb.
Magotan kimi, yeni Volkswagen Passat Pro da iki sırf benzin mühərriki ilə təklif olunur. Hər iki avtomobil yeddi pilləli DSG “robotu” ilə təchiz edilir və yalnız ön ötürməlidirlər. Baza 1,5 TSI turbo mühərrik 160 at qüvvəsi və 250 Nm, 2.0 TSI “turbodördlüyü” isə, 220 at qüvvəsi və 350 Nm hasil edir. Onunla sedan 100 km/saat həddinə 7,6 saniyəyə sürətlənir. Hibrid güc qurğularının təklif ediləcəyi barədə heç bir məlumat verilməyib. Xatırladaq ki, Avropada satılan Passat universalının mühərrik çeşidinə belə aqreqatlar mövcuddur.
SAIC-Volkswagen birgə müəssisəsi əvvəlki Passat sedanının hələlik konveyerdə qalacağını bildirib, yeni Passat Pro isə, ilk zamanlarda onunla paralel olaraq satılacaq. Satışlar ilin sonuna qədər başlamalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.