«Car Magazine» dərgisi Porsche şirkətinin sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonun 911 sportkarının Speedster modifikasiyasını gətirəcəyini iddia edir.
Yeni avtomobil barədə heç bir məlumat olmasa da, yeni Porsche 911 Speedster modelinin 2010-cu ildə işıq üzü görmüş eyni adlı model ilə bənzərlik daşıyacağından şübhə etməmək olar. Xatırladaq ki, 2010-cu ildə təqdim edilmiş Speedster adi kabrioletdən hündürlüyü azaldılmış alın şüşəsi və daha iri arxa qanadları ilə fərqlənirdi. Bununla belə, yumşaq tavanın altına yığıldığı qapaq «double bubble» adlandırılan xarakterik çıxıntılara malik idi.
Əvvəlki Porsche 911 Speedster modeli Porsche 911 Carrera GTS modelinin 408 at qüvvəli mühərriki ilə təchiz edilirdi. Çox güman ki, yeni «Spidster» cari Porsche 911 GTS variantının 450 at qüvvəli altı silindrli mühərriki ilə təchiz ediləcəkdir. Üstəlik, yeni Porsche 911 Speedster sələfi kimi məhdud sayda tirajla buraxılacaqdır. Əvvəlki 911 Speedster, ilk belə avtomobil olan 1954-cü ilin Porsche 356 Speedster modelinin şərəfinə 356 nüsxəlik məhdud sayda tirajla buraxılmışdır.