Bu gün Land Rover şirkəti ikinci nəsil Range Rover Evoque krossoverini təqdim edəcəkdir. Artıq yeddi ildir ki buraxılan avtomobil 750 min ədədlik tirajla satılıbdır. Bir sözlə, Range Rover Evoque modeli Tata konserninin sahib olduğu britaniya markasına uğur gətirən modellərdən biridir.

Biz isə marka fanatlarına yeni Range Rover Evoque modelinin təqdimat mərasimini canlı şəkildə izləmək imkanı veririk. Bu məqalədə yerləşdirdiyimiz videoda ikinci nəsil Evoque modelinin debütünü canlı izləyə bilərsiniz. Təqdimat mərasimi Bakı vaxtı ilə 23:45-də başlayacaqdır.

Range Rover Evoque modelinin ikinci nəsli D8 platformasının təkmilləşdirilmiş variantında inşa edilib. Yenilənmiş platform çoxqollu arxa asqıya, genişləndirilmiş təkər izinə və təkər bazasına malik olub. Böyük ehtimalla, modelin xarici görkəmini markanın son modellərindəki dizayn üslubuna uyğunlaşdıracaqdırlar.

Yeni Range Rover Evoque modelinin mühərrik çeşidinə Ingenium ailəsindən olan benzin və dizel güc aqreqatları daxil ediləcəkdir. Bundan başqa, krossover 1,5-litrlik üç silindrli turbomühərrikin və 48 voltluq şəbəkədən qidalanan startyor –generator daxil olan hybrid güc aqreqatı ilə də təklif ediləcəkdir. Bütün aqreqatlar ZF firmasının 9-pilləli avtomatik transmissiyası ilə tandemdə çalışacaqdırlar.