Bayraqdar Range Rover modeli artıq nəsil dəyişdirib və onun ardınca yeni Range Rover Sport modeli də debüt etməlidir. Əlbəttə ki, artıq doqquzuncu istehsal ilini yaşayan model üçün bu dəyişiklik mütləqdir. Britaniyanın “Autocar” nəşrinin məlumatına görə, iki Range Rover modelinin arasındakı debüt “məsafəsi” bir il olacaqdır. Bu isə, üçüncü nəsil Range Rover Sport modelinin bu ilin sonunda təqdim ediləcəyinə və 2023-cü ilin yazında satışa çıxarılacağına işarə edir.
Yeni Range Rover Sport ofrouderi barədə məlumat hələlik mövcud deyil, lakin yeni avtomobilin inqilabi dizayna sahib olacağını gözləmək də lazım deyil: Sport versiyası kuzovun ənənəvi nisbətlərini və formasını qoruyub-saxlayacaqdır.
İri Range Rover modeli kimi, Sport versiyası da yeni MLA-Flex (Modular Longitudinal Architecture) platformasına əsaslanacaqdır. Yeni platforma arxa beşqollu asqını və ön oxda muftası olan tam ötürmə sistemini nəzərdə tutur.Yeni alüminium kuzov əvvəlkindən 50% daha sərt olacaqdır.
Yeni Range Rover Sport modelinin mühərrik çeşidinə 250-400 at qüvvəsi arasında gücə malik olan və 48-voltluq startyor-generator ilə tamamlanan sıralı altısilindrli Ingenium (benzin və dizel) mühərrikləri daxil ediləcəkdirlər. Eyni altısilindrli mühərrikə əsaslanan hibrid güc qurğusu da olacaqdır.
Modifikasiya çeşidinin zirvəsində isə, BMW X5 M Competition modelindəki 625 at qüvvəli 4,4-litrlik biturbomühərrik ilə təchiz edilmiş “bərkgedən” Range Rover Sport SVR versiyası duracaqdır. Şirkəti 5,0-litrlik kompressorlu V8 mühərrikindən imtina edib: bu aqreqatların kiçik saylı tirajı çox baha başa gəlir və onu yeni ekoloji normalara uyğunlaşdırmaq getdikcə çətinləşir.
Nəhayət, sırf elektrik ötürməsi ilə hərəkətə gələn Range Rover Sport modeli də peyda olacaqdır. Britaniya istehsalçısı 2030-cu ilə model çərgəsindəki avtomobillərin hamısının elektrik versiyasının olacağını vəd edib. Range Rover elektrokarı 2024-cü ildə debüt etməlidir, onun ardınca isə Range Rover Sport modelinin elektrik versiyası işıq üzü görəcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.