Renault yeni Espace modeli üzərindəki sirr pərdəsini qismən götürüb. Fransız istehsalçısı yaxın zamanda tarixindəki ən böyük transformasiyaya məruz qalan əfsanəvi Espace modelinin altıncı nəslini təqdim etməyə hazırlaşır. Pərəstiş obyektinə çevrilmiş miniven bundan sonra krossover olacaqdır. Özü də Espace fransız brendinin model cərgəsindəki müstəqil model deyil, artıq bazarda satılan Renault Austral krossoverinin uzadılmış və daha geniş versiyası olacaqdır.
Rəsmi təqdimatdan əvvəl, şirkət yeniliyin yekun tizerini nümayiş etdirib. CMF-CD platformasında inşa edilən yeni Espace krossoveri Austral modelindən təkcə mühərrik çeşidini deyil, həm də eksteryer və interyerin dizaynını alacaqdır.
Orta dayağa qədər hər iki model eyni olacaqdır, əsas fərqlər isə arxa hissədə cəmləşəcəklər. Espace donorundan 20 santimetr daha uzun olacaq və üçüncü oturacaq sırasını alacaqdır ki, bu da kuzovun yenidən işlənməsini tələb edib. Salonun quruluşu istisna olmaqla, tərtibat baxımından hər iki model maksimal dərəcədə bənzər olmalıdırlar.
Espace modelinin 5-7 yerli salona, eləcə də bazarda olan ən böyük panoram şüşə damına malik olduğu bildirilir. "Nəhəng bütöv şüşə dam paneli günəş işığının bir kvadrat metrdən çox sahəsi olan sahədən keçməsinə imkan verir, çünki onun uzunluğu 1,33 metr, eni isə 84 santimetrdir", - Renault şirkətindən bildiriblər.
Şirkət, panoram damın hər üç oturacaq cərgəsində əyləşən sərnişinləri günəş işığı ilə təmin edəcəyinə zəmanət verib. Yeni nəsil Renault Espace modelinin təqdimatı 28 mart 2023-cü il tarixində keçiriləcəkdir.
Modelin yeni formata keçidi yubileylə üst-üstə düşəcəkdir - 2023-cü ilin yazında Renault ilk Espace krossoverini nümayiş etdirəcək, noyabr ayında isə fransız istehsalçısı 1984-cü ildə seriya miniveninə çevrilmiş ilk prototipin 40 illik yubileyini qeyd edəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.