ABŞ avtomobil sənayesinin simvollarından biri olan Ford artıq Çin istehsalçılarının Amerika bazarına daxil olmasını qaçılmaz hesab edir. Şirkətin rəhbərliyi etiraf edir ki, mövcud ticarət maneələri əbədi olmayacaq və Çin markaları gec-tez ABŞ-da fəaliyyətə başlayacaqlar.

Ford rəhbəri Jim Farley bildirib ki, şirkət rəqabətə hazır olmalıdır. Onun sözlərinə görə, Çin istehsalçıları son illərdə elektromobillər, proqram təminatı və istehsal səmərəliliyi sahəsində ciddi irəliləyiş əldə ediblər. Bu səbəbdən gələcək rəqabət yalnız qiymətlə deyil, texnologiya və innovasiya səviyyəsində də aparılacaq.

Hazırda ABŞ bazarı yüksək idxal rüsumları hesabına Çin avtomobilləri üçün faktiki olaraq bağlı qalsa da, Ford hesab edir ki, bu vəziyyət uzunmüddətli olmayacaq. Şirkət artıq gələcək strategiyasını məhz bu ssenari nəzərə alınmaqla formalaşdırır.

Autograph qeydi. Bu açıqlama təsadüfi deyil. Son illərdə BYD, Geely, Xiaomi və digər Çin istehsalçıları Avropa, Yaxın Şərq və Latın Amerikasında sürətlə mövqelərini gücləndiriblər. Ford-un etirafı göstərir ki, qlobal avtomobil sənayesində əsas rəqabət artıq yalnız ənənəvi istehsalçılar arasında deyil, yeni nəsil Çin avtomobil markaları ilə də formalaşır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.