İtalyan superkar istehsalçısı Lamborghini şirkəti və İsveçrənin Roger Dubuis saat manufakturası illərdir ki, əməkdaşlıq edirlər. Onlar bu əməkdaşlıq çərçivəsində həm saatlara həsr olunmuş avtomobilləri, həm də əksinə, avtomobillərin şərəfinə hazırlanmış saatları buraxıblar. Tərəfdaşların növbəti birgə layihəsinin ilham mənbəyi kimi, ən son Huracan GT3 Evo2 yarış kupesi çıxış edib.
Saat ustaları yarış kupesinin xarakterik cizgilərini eksklüziv Roger Dubuis Excalibur Spider Huracan Monobalancier xronoqrafda təcəssüm etdirməyə müvəffəq olublar.
45 millimetrlik korpusu olan xronoqraf, ikiqat qurulma barabanlarına və 12 dərəcə meyillik bucağına malik olan balans çarxına, skeletonlaşdırılmış mexanizmə və qurulma başlığına malikdir. Sonuncu superkar boltlarından ilham alınaraq yaradılıb.
Xroqnoqrafın yuxarı kalibri isə, Huracan superkarının mühərrik bölməsindəki kuzov gücləndiricilərini xatırladan dayaq körpüsünün tirlərinə malikdir. Saatın dizaynındakı çoxsaylı istinadlar Lamborghini firma üslubundakı xarakterik altıbucaqlı elementlərə oxşarlığı vurğulayır.
Excalibur Spider Huracan Monobalancier xronoqrafının korpusu, bezeli və qurulma başlığı (yaşıl, parlaq qırmızı və sarı detallarla tamamlanır) silikon dioksidindən olan mineral kompozit liflərdən hazırlanıb - Roger Dubuis manufakturası bu materialın karbon lifindən 13% yüngül olduğunu bildirir. Saatın arxa panelinin dizaynı Huracan GT3 Evo2 superkarının təkər disklərinin dizaynını xatırladır.
Roger Dubuis Excalibur Spider Huracan Monobalancier xronoqrafının ilk nüsxəsi yaşıl rəngli kauçuk qayışı alıb, lakin ağ kauçukdan qayış, habelə qırmızı aksentləri olan dəlikli dana dərisindən hazırlanmış yaşıl qayış da mövcud olacaqdır. Saatın tirajı cəmi 88 nüsxədən ibarət olacaqdır. Xronoqrafın qiyməti açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.