Skoda şirkəti yeni nəsil Fabia modelinin ilk rəsmi şəkillərini dərc edib və bəzi texniki detalları açıqlayıb. Yeni hetçbekin ölçüləri böyüyüb, eyni zamanda o, sinifindəki ən aerodinamik avtomobilə çevrilib.
Təqdim olunmuş şəkillərdəki yeni Skoda Fabia modeli tamamilə kamuflyajla örtülüb - yalnız nazik formalı LED fənərləri görmək mümkündür. Hetçbekin əsasını Volkswagen Polo, Audi A1 və Seat Ibiza modellərinin inşa edildiyi MQB-A0 modul platforması təşkil edir. Yeni arxitektura çex modelinin uzunluğunu 4107 millimetə qədər artırmağa imkan verib.
Beləliklə, yeni model sələfindən 110 millimetr uzundur. Hetçbekin təkər bazası da 94 millimetr artaraq 2564 millimetrə çatıb. Yeni modelin eni - 1780 millimetr (+ 48 millimetr), hündürlüyü isə 1460 millimetrdir (- 7 millimetr). Artmış ölçülər mühəndislərə baqaj həcmini 380 litrə çatdırmağa imkan verib.
Yeni modelin baza versiyaları 65 və 80 at qüvvəli (hər iki halda 95 Nm) 1,0-litrlik atmosfer mühərrikləri və beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəkdirlər. Hetçbekin daha bahalı versiyaları 95 (175 Nm) və 110 (200 Nm) at qüvvəli turbomühərriklər ilə təchiz olunacaqdırlar. 110 at qüvvəli mühərrik altı pilləli mexaniki ötürmələr qutusu və ya yeddi pilləli DSG “robotu” ilə tandemdə çalışacaqdır.
Ən güclü versiya 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,5-litrlik dördsilindrli turbomühərrik və alternativsiz yeddi pilləli DSG “robotu” ilə təchiz ediləcəkdir.
Yeni Fabia modelinin opsional avadanlıqlar siyahısına rəqəmsal cihazlar paneli, yeni multimedia sistemi, doqquz hava yastığı və 50-yə yaxın ənənəvi Simply Clever həlləri daxil ediləcəkdir. Bundan əlavə, çex mühəndisləri dördüncü nəsil hetçbekin sinifindəki ən aerodinamik avtomobil olacağını söyləyirlər: modelin aerodinamik müqavimət əmsalı 0,32-dən 0,28-ə endiriləcək.
Yeni Skoda Fabia modelinin Avropadakı satışlarının 2021-ci ilin sonuna qədər başlayacağı bildirilir. Universal kuzovlu Fabia Combi modelinin növbəti nəsli 2022-ci ilin sonunda və ya 2023-cü ilin əvvəlində debüt etməlidir.