Bildiyimiz kimi, 11 noyabr tarixində Skoda şirkəti dördüncü nəsil Octavia modelini Praqada təqdim edəcəkdir. Artıq, çex istehsalçısı yeni liftbekin eskizlərini də dərc edib.
Bu gün isə, İnternet şəbəkəsində dördüncü nəsil Octavia modelinin firma onlayn-konfiquratorundan götürülmüş şəkli peyda olub. Ehtimallara görə, şəkil alman saytından götürülüb. Skoda şirkətinin Almaniya filianın saytına nəzər salsaq, Octavia liftbekinin konfiquratordan çıxarıldığı görünür. Çox güman ki, bu yeni avtomobilin sayta əlavə edilməsi ilə əlaqədardır və işlər aparılan zaman təsdüfən sızama baş verib.
Əgər şəklin həqiqiliyi barədə mülahizələri bir kənara qoysaq, yeni Octavia modelinin gözlənilən xarici görkəmə malik olacağı aydın görünür: model “dördgözlü” optikadan məhrum olacaq, onun əvəzinə güclü radiator barmaqlığına, Skoda Scala modelinin üslubunda işıq texnikasına, yeni ön bamperə və Superb modelində debüt etmiş bir sıra dizayner elementlərinə sahib olacaqdır.
Dərc edilmiş şəkildən göründüyü kimi, bir müddət bundan öncə yayılmış eskizlərdən fərqli olaraq, konfiquratordakı avtomobil ön bamperdə quraşdırılmış duman əleyhinə fənərlərə malikdir. Şəkildəki təkər diskləri isə, bir sıra Skoda modellərində rast gəlinən 18-düymlük təkər disklərinə bənzəyir.