Bu günlərdə Carscoops internet portalı yeni nəsil Forester modelinin fotoşəkillərini dərc edib. Şəkillər adı naməlum olan jurnaldan götürülübdür. Bu şəkillərin həqiqiliyini, bir müddət bundan əvvəl istehsalçının dərc etdiyi tizerdəki arxa fənərlərin forması təsdiq edir.
Yeni nəsil Subaru Forester modelinin kütləvi təqdimat mərasimi mart ayının 28-i tarixində işinə başlayacaq Nyu-York avtosalonunda keçiriləcəkdir. Yeni nəsil Forester krossoverinin yapon şirkətinin SGP (Subaru Global Platform) modul platformasında inşa edildiyi ehtimal olunur.
Bu platformadan Subaru XV və Impreza modellərinin sonuncu nəsillərinin hazırlanmasında da istifadə edilib. Yeni Forester modelinin dörd silindrli oppozit mühərrikləri, firma simmetrik tam çəkiş sistemi və variatorla təchiz ediləcəyi ehtimal olunur. Çox güman ki, yaxın günlərdə hər şey aydın olacaqdır.