Crown adı azərbaycanlı Toyota həvəskarlarına tanış gəlməyə bilər, lakin bu ad Yaponiyada və bir sıra ölkələrdə yapon markasının pərəstişkarlarına yaxşı tanışdır. Toyota şirkəti uzun müddət bu ad altında sanballı görünüşü ilə seçilən sedanı buraxıb. Crown sedanı yapon markasının diğər modellərindən təkcə sanballı görünüşü ilə deyil, həm də dəbdəbəli interyer tərtibatı ilə seçilib.
Bu gün yapon istehsalçısı öz “Tacının” 16-cı nəslini təqdim edib. Yeni Toyota Crown ilk dəfə olaraq adi sedan kimi seyil, yeni form-faktorda debüt edib – yeni model sedandan çox kross-liftbekə bənzəyir.
Əslində yeni Crown modelini rahatlıqla kross-fastbək adlandırmaq olar. Qeyd etmək gərəkdir ki, Crown modelinin ənənəvi sedan kuzovlu variantı da olacaqdır, lakin iş bununla bitmir - kross-fastbək və sedana, universal və idman hetçbeki də qoşulacaqdır.
Üstəlik, uzun illik fasilədən sonra, Crown modeli eyni zamanda Şimali Amerika bazarında da debüt edib və bu fakt onun qlobal modelə çevriləcəyinə işarə edir. Ümid edirəm ki, bir müddətdən sonra bu model Azərbaycanda da satış debütü edər.
Beləliklə, artıq qetd etdiyim kimi, bu gün debüt etmiş Crown modeli hündür kuzova və Lexus modellərinin üslubunda interyer dizaynına malik olan sedandır. Yeni kross-fastbəkin dizaynında bZ4X modelinin tanış cizgilərini də görmək olar.
Yeni “Kraun” ikirəngli kuzov, zəngin tərtibatlı interyer və iki hibrid güc qurğusu ilə təklif edilir. Nə qədər qəribə səslənsə də, yeni Toyota Crown özündə dəbdəbə, rahatlıq və təvəzökar gücü birləşdirir.
Artıq qeyd etdiyimiz kimi, başlanğıcda Toyota Crown ABŞ-da üç təchizat səviyyəsi (XLE, Limited və Platinium) və iki müxtəlif hibrid güc aqreqatı ilə təklif ediləcəkdir.
Baza XLE və orta təchizatlı Limited modifikasiyası 2,5-litrlik dördsilindrli mühərrikə əsaslanan dördüncü nəsil Toyota hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Benzin mühərrikindən başqa, bu qurğunun tərkibinə iki elektrik mühərriki daxildir.
Belə modifikasiyalar alternativsiz olaraq eCVT variatoru ilə təchiz edilirlər. Yapon istehsalçısı hələlik bu güc qurğusunun xarakteristikalarını açıqlamayıb.
Crown Platinium top versiyası isə, 2,4-litrlik turbomühərrik və iki elektrik mühərrikindən ibarət olan Hybrid Max hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Bu qurğunun ümumi hasilatı 340 at qüvvəsi təşkil edir.Ən maraqlısı odur ki, Toyota eCVT variatorundan imtina edərək, top versiyanı sükanaltı dəstəkləri olan klassik 6-pilləli “avtomat” ilə təchiz edib.
Hər üç modifikasiya standart olaraq tam ötürmə sistemi ilə təklif olunur, lakin Platinium Hybrid Max modeli Toyota model xəttində ilk dəfə E-Four Advanced tam ötürmə sistemini əldə edəcəkdir. Bu sistem mühərrikin dartma qüvvəsinin 80 faizə qədərini arxa oxa ötürərək, Crown Platinium modelini daha dinamik xarakteristikalara təmin edir.
Crown XLE və Crown Limited modelləri inşa edildikləri TNGA-K arxitekturası üçün ümumi olan ənənəvi ön dayaq və arxa çoxqollu ası ilə təklif edilirlərsə, Platinium tənizmlənən adaptiv asqı ilə təchiz olunur. Toyota nümayəndələri adaptiv asqının kuzovun yana əyilmələrini minimuma endirdiyini və manevr qabiliyyətini yüksəltdiyini bildiriblər.
Bundan əlavə, adi veriyalar üç hərəkət rejiminə - Normal, Eco və Sport rejimlərinə malikdirlərsə də, Platinium üçün iki əlavə hərəkət rejimi - Sport+ və Custom rejimləri də mövcuddur. Sonuncu avtomobili fərdi şəkildə tənzimləməyə imkan verir.
Toyota şirkəti Crown modelinin xarici görkəmini fərdiləşdirməyi də təklif edir. XLE və Limited versiyaları standart olaraq 19-düymlük təkər diskləri ilə təchiz edilir. Limited versiayası üçün əlçatan olan Advanced paketi 21-düymlük təkər disklərinin quraşdırılmasını və salonun xüsusi tərtibatını nəzərdə tutur.
Lakin Platinium versiyası özündə ən unikal üslubu cəmləşdirir: top model kuzovun eksklüziv ikirəngli boyanması və bu modifikasiya üçün standart olan ikirəngli 21-düymlük təkər diskləri ilə təchiz olunur.
Toyota Crown modelinin interyeri ekstyeri qədər qeyri-adiliyi ilə seçilmir: baza XLE modidifkaiyasının salonu qara rəngli Softex süni dərisi ilə üzlənir. Lakin Limited və Platinium modelində əsl dəri ilə üzlənmiş qızdırılan və havalandırılan ön oturacaqlar, qızdırılan arxa oturacaqlar və lyuk ilə standart olaraq təchiz edilirlər.
Bundan başqa, salonda 12,3-düymlük taçskrini olan ən müasir Toyota məlumat-əyləncə kompleksini də görmək olar. Məlum məsələdir ki, üç rejimə malik olan virtual cihazlar paneli, Apple CarPlay və Android Auto tətbiqlərinin simsiz dəstəyi, 4G rabitəsi və Wi-Fi giriş nöqtəsi də Crown modelinin avadanlıq siyahısına daxil edilib.
Multimedia sistemi səslə idarəetməni də dəstəkləyir və “Hey,Toyota” səslənməsi ilə aktivləşir. Drive Connect yardımçısı geniş funksionala malikdir: məsələn, o, yol üzərindəki maraqlı məntərələr barədə məlumat verə və salondakı temperaturu tənzimləyə bilər. Üstəlik, Bluetooth vasitəsi ilə eyni anda iki mobil telefonu sistemə qoşa bilər.
Hər bir Crown modeli Toyota Safety Sense 3.0 təhlükəsizlik sistemlər kompleksi ilə öyünə bilər. Bu kompleksin tərkibinə piyada və velosipedçiləri aşkarlayaraq öndən toqquşmaların qarşısını alan sistem,yol kəsişmələrində öndən və yandan gələn nəqliyyat vasitələrini aşkarlayan yardımçı daxildir. Sonuncu şəraitdən asılı olaraq səs və vizual xəbərdarlıq edir, lazım gəldikdə isə əyləcləməni də həyata keçirir.
Standart olaraq, Crown modeli 6-dinamikli səs sistemi ilə təklif edilir, lakin opsiyalar siyahısında 11-dinamikli JBL Premium Audio səs sistemi də var. Bulud naviqasiyası Google xəritələrini dəstəkləyir və onları “hava” üzərindən yeniləmək imkanına malikdir.
Toyota Crown modelinin ABŞ-dakı satış qiymətlərini açıqlamayıb.Yeni model haqqında ətraflı məlumat yaxın aylarda, satışların başlanmasına yaxın veriləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.