FAW-Toyota birgə müəssisəsi yeni nəsil Land Cruiser Prado ofrouderinin 2024-cü ildə Çində buraxılacağını açıqlayıb. İstehsalata qoyulacaq ümumi sərmayə 586 milyon yuan (82 milyon dollar) təşkil edəcəkdir. Çindəki müəssisəsinin istehsal gücü ildə 36 min avtomobil yığmağa imkan verəcəkdir.
“Autohome” portalının iddiasına görə, yeni Toyota Land Cruiser Prado indiki modeldən daha böyük olacaqdır: onun uzunluğu 75 millimetr (4900 millimetr), eni - 35 millimetr (1920 millimetr), hündürlüyü - 10 millimetr (1900 millimetr), təkər bazası isə, 60 millimetr (2850 millimetr) artacaqdır. Bu proqnoz “qohum” Lexus GX ofrouderinin xüsusiyyətləri ilə ziddiyyət təşkil etmir.
2.4-litrlik benzin turbomühərrikinə üstünlük verilməsi gözləniləndir və bu aqreqat müxtəlif bazarlar üçün fərqli konfiqurasiyalarda təklif olunacaqdır. Çində qeyri-hibrid versiyanın satılacağı gözlənilir, digər bazarlarda isə, ofrouder Tacoma pikapından tanış olan benzin-elektrik güc qurğusu ilə təchiz edilə bilər. Lakin ofrouder V6 mühərrikini almaya bilər: 3,5-litrlik güc qurğusu Land Cruiser 300 və premium Lexus GX ofrouderinin imtiyazi olaraq qalacaqdır.
İnsayderlər yeni Land Cruiser Prado modelinin payızda debüt edəcəyini ehtimal edirlər. Zavoddaxili indeksi “250” olan çərçivəli ofrouderin satışları 2024-cü ildə başlamalıdır. Çində istehsala gəlincə, FAW-Toyota zavodunda Land Cruiser modelinin lokallaşdırılması ilə bağlı şayiələr uzun müddətdir ki, dolaşmaqdadırlar, lakin yığma konveyeri hələ də işə salınmayıb.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.