Bu günlərdə interten şəbəkəsində növbəti nəsil Toyota Land Cruiser Prado modeli haqqında maraqlı məlumat peyda olub. Çox güman ki, bu xəbər Prado aşiqlərini bir qədər məyus da edəcəkdir, çünki xarici KİV-lərin məlumatına görə, yeni ofrouder 2022-ci ildə işıq üzü görəcək, lakin polad ramadan məhrum olacaq və variatorla təchiz ediləcəkdir. Dəhşətdir…
Məlumatlar doğrudursa, yeni nəsil Toyota Land Cruiser Prado modelinin qabaritləri bir qədər artmalıdır: ofrouderin təkər bazasının genişliyi 2800 millimetr (+10 millimetr), uzunluğu isə 4830 millimetr (+50 millimetr) olmalıdır. Ofrouderin məşhur rama konstruksiyası isə, yapon markasının bütün son minik avtomobillərinin əsasını təşkil edən TNGA modul arxitekturası ilə əvəzlənəcəkdir. Bir daha - dəhşətdir …
Yeni Prado krossoverinin (bəli, fanatlar üçün nə qədər qəribə və ağrılı səslənsə də) mühərrik çeşirinə 207 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən, həmçinin qarışıq çiləməyə malik olan 2,5-litrlik dördsilindrli D-4S benzin mühərrikinin, habelə 177 at qüvvəsi və 450 Nm frılanma anı hasil edən 2,8-litrlik dizel aqreqatının daxil ediləcəyi gözlənilir. Hər iki mühərrik yeni Direct Shift-CVT variatoru ("dəhşət" demək yaddan çıxmasın) ilə təchiz ediləcəkdir. Ötürmə - tamçəkişlidir.
Eyni zamanda, 200 seriyasını əvəz edəcək Toyota Land Cruiser 300 modeli ramasını qoruyub saxlasa da, iri həcmli V8 mühərriklərini itirəcəkdir. Ofrouder onları ekoloji cəhətdən daha təmiz olan altısilindrli benzin mühərriki və hibrid güc qurğusu ilə əvəzləyəcəkdir. Bununla yanaşı, şirkət yeni mühərriklər xətti barədə məlumatı rəsmi olaraq təsdiqləmir.
Hazırda Toyota Land Cruiser Prado modeli Azərbaycanda 163 at qüvvəli 2,7-litrlik və 275 at qüvvəli 4,0-litrlik benzin mühərrikləri, habelə 163 at qüvvəli 3,0-litrlik dizel aqreqatı ilə təklif olunur. Benzin mühərrikləri 6-pilləli, dizel isə 5-pilləli avtomatik transmissiya ilə təchiz edilir. Ötürmə - tamçəkişlidir. Ofrouderin qiyməti 82.500 manatdan başlayır.
Mənbə: Autohome