Toyota şirkəti yeni nəsil Prius modelinin tizer kampaniyasını davam etdirir. Məlum olduğu kimi, 7-illik konveyer həyatını başa vuran cari Prius modelinin varisinin Hybrid Reborn (“Hibridin yenidən dirçəldilməsi”) şüarı altında keçiriləcək debütü sabah, 16 noyabr tarixində baş tutacaqdır. Yapon istehsalçısı isə, təqdimat öncəsi yeni hibridin yeni tizerini dərc etmək qərarına gəlib.

Əvvəlki tizerlərdə yeni Prius modelinin konturları və nazik LED fənərləri olan ön tərəfi nümayiş etdirilib. Bu gün isə, Toyota şirkəti avtomobilin arxa tərəfi və işıq texnikasının hir hissəsini nümayiş olunan tizeri dərc edib. Çox güman ki, bu sonuncu tizerdir. Tizerdən də göründüyü kimi, beşinci nəsil Toyota Prius modeli kuzovun eni boyunca uzanan arxa monofənərə sahib olacaqdır. Üstəlik, arxa baqaj qapağında iri hərflərlə yazılmış “Prius” sözü yer alacaqdır. Buna tizerdəki “P” və “R” hərfləri dəlalər edir.

Dizayn baxımından yeni Prius, Yaponiya bazarı üçün nəzərdə tutulmuş yığcam Crown Sport krossoverinə bənzəyir. Yeri gəlmişkən, doğma Yaponiya “beşinci” Prius üçün ilk bazar olacaqdır. Onun ABŞ bazarındakı satış debütü isə, yalnız gələn ilin yayında baş tuta bilər.

Öz insaydları ilə məşhur olan Yaponiyanın “BestCarWeb” nəşri daha əvvəl nəsil dəyişdirən Prius modelinin benzin-elektrik güc qurğusunu qoruyub saxlayacağını və hidrogenlə çalışan modifikasiyaya sahib olacağını bildirmişdi.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.