İnternetdə yeni Toyota RAV4 krossoverinin GAC-Toyota şirkətinin dilerlər üçün təşkil etdiyi konfransda çəkildiyi iddia edilən şəkli yayılıb. Mənbə hesab edir ki, şəkildə yeni Toyota Wildlander, yəni “qlobal” RAV4 modelinin variantlarından biri əks olunub. Yeniliyin ictimai təqdimatı aprel ayında Şanxay və ya Nyu-Yorkda keçiriləcək avtosalonlarda baş tuta bilər.
Yeni RAV4 modelinin dizaynı cari Camry XV80 sedanının üslubuna uyğundur və casus şəkilləri ilə ziddiyyət təşkil etmir. Görünən odur ki, yapon konserni yenilənmədə təkamülə üstünlük verib, yəni “altıncı” RAV4 modeli beşinci nəsil krossoverin dərindən modernləşdirilmiş versiyası olacaq. Qapılar və qanadlardakı ştamplamalar bir qədər dəyişib, lakin Toyota klassik qapı tutacaqlarını saxlayb.
Qeyri-rəsmi məlumata görə, əksər bazarlarda yeganə variant hibrid güc aqreqatı ilə təchiz edilən RAV4 modeli olacaq. Toyota şirkətinin belə strategiyası heç də sürpriz deyil, çünki Camry XV80 sedanı da artıq elektrikləşdirilib. Bununla belə, Çində ön ötürməli, 2,0-litrlik atmosfer mühərriki və variatoru olan mühafizəkar və nisbətən əlçatan versiyalar da yerlərini qoruya bilərlər.
Toyota RAV4 modelinin Çin variantının aprelin sonunda Şanxay avtosalonunda debüt etməsi gözlənilir. Modelin dünya debütü okeanın o tayında, bir həftə əvvəl işinə başlayacaq Nyu-York avtosalonunda baş tuta bilər. O qədər də əhəmiyyətli olmayan bazarlarda yenilik daha sonra təqdim olunmalıdır. Odur ki, cari RAV4 modelinin 2026-cı ilə qədər konveyerdə qalması ehtimalı yükəskdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.