Detroytda təqdim edilmiş arxa çəkişli Toyota Supra sportkarının beşinci nəsli altı silindrli mühərriklərə əlavə olaraq dörd silindrli aqreqatlarla da təchiz ediləcəkdir. Dörd silindrli modifikasiyalar yalnız Yaponiyada satılacaqdırlar.
1978-ci ildə işıq üzü görən model hər zaman klassik quruluşa malik olub: arxa çəkiş və sıralı altısilindrli mühərrik. BMW şirkəti ilə birlikdə yaradılan sportkarın beşinci nəsli də bu ənənəni qoruyub-saxlayıb. Supra yeni nəsil Z4 rodsteri ilə eyni platformanı və altı silindrli turbomühərriki bölüşür.
Lakin, modelin tarixində ilk dəfə olaraq sportkarın büdcə variantı təklif ediləcəkdir. Əlçatan sportkarlar BMW şirkətinin 2,0-litrlik turbomühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Dörd silindrli aqreqat iki güc variantında təklif ediləcək - 197 (320 Nm) və 258 (400 Nm) at qüvvəsində. Xatırladaq ki, altı silindrli Supra 340 at qüvvəsinə və 500 Nm fırlanma anına malikdir.
197 at qüvvəli sportkar 100 km/saat həddinə 6,5 saniyəyə, 258 at qüvvəli modifikasiya isə 5,2 saniyəyə sürətlənəcəkdir. Altı silindrli modifikasiya isə, bu işə 4,3 saniyə sərf edir. Lakin, dörd silindrli modifikasiyalar hiss olunacaq dərəcədə yüngüldürlər və onların çəkisi 1410 və 1460 kiloqram təşkil edir. Altı silindrli modifikasiyanın çəkisi 1520 kiloqramdır.
Yalnız Yaponiya bazarında satılacaq dördsilindrli modifikasiyalar SZ və SZ-R təchizat səviyyələrində təklif ediləcəkdirlər. Bütün Toyota Supra modelləri Avstriyadakı Magna Steyr şirkətinin zavodunda yığılacaqdırlar. Burada BMW Z4 modelləri də istehsal edilir.
Toyota Supra modelinin ilk üç nəsli də 2,0-litrlik mühərriklərlə buraxılıbdır. Lakin, bu avtomobillər iş həcmi azaldılmış altı silindrli mühərrik ilə təchiz edilirdilər. Məqsəd daha sərfəli katqoriyaya düşmək idi. Rəsmi olaraq bu avtomobillər yalnız Yaponiyada satılıblar.