Yeniliyin satışa çıxarılmasına hələ bir ildən çox vaxt var, lakin çex brendinin model xəttindəki ən ucuz krossover barədə təfərrüatlar çoxalmağa davam edir. Bəzi KİV-lər model üçün hansı adın seçiləcəyi ilə maraqlansa da (Kymaq, Kariq, KwIQ, Kylaq və ya Kyroq), digərləri onun xüsusiyyətlərini potensial rəqibləri ilə müqayisə edirlər. Belə ki, “Autocar India” nəşri hələ də adı açıqlanmayan krossoverin rəqiblərinin Hyundai Venue, Kia Sonet, Mahindra XUV300, Tata Nexon, həmçinin Maruti Suzuki Fronx və Brezza modellərinin olduğunu hesab edir.

Sadalanan modellərin hamısı Hindistan bazarında yığcam krossoverlər seqmentində çıxış edirlər və yeni Skoda krossoveri məhz bu seqmentə yönəlib. Onların hamısının uzunluğu dörd metrdən çox deyil, təkər bazası isə, 2,49 ilə 2,6 metr arasında dəyişir. Krossoverlər 16-düymlük təkər diskləri ilə təchiz edilirlər və onların baqajının həcmi minumal 257 litrdən (Mahindra XUV300) maksimal 385 litr (Kia Sonet) arasında dəyişir.

Yeni Skoda modeli haqqında sadalanan bütün göstəricilərdən hələlik məlum olan yeganə şey onun təkər bazasının 2,56 metr təşkil edəcəyidir. Bu, daha böyük Kushaq (2,65 metr) modelində olduğundan 85 millimetr qısadır.

Hindistan portalı güc aqreqatlarını xüsusiyyətlərini də müqayisə edib. Skoda krossoveri 1,0-litrlik üçsilindrli turbomühərrikə sahib olacaq - Mahindra XUV300 və Tata Nexon mühərriklərində eyni sayda silindr var, qalan avtomobillərdə isə, mühərrikləri dördsilindrlidirlər. Təxmin edilən güc 115 at qüvvəsidir, Hyundai Venue və Kia Sonet modelləri isə, 83 at qüvvəsi ilə öyünə bilərlər.

Gələcək Skoda krossoverinin transmissiyası haqqında da təfərrüatlar var: iki tranmissiya - 6-pilləli mexaniki və avtomatik ötürmələr qutusu təklif ediləcək . Yeddi pilləli “avtomat” ilə təklif olunan Tata Nexon, Venue və Sonet istisna olmaqla, qalan rəqiblərin oxşar transmissiyaları var.

“Autocar India” Skoda krossoverinin qiymətinin 900.000 ilə 1,4 milyon rupi arasında olacağını proqnozlaşdırır. Bu fərziyyə doğru olarsa, o zaman yeni model Nissan Magnite və Renault Kiger ilə eyni qiymət seqmentində yerləşəcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.