Qədim zamanlarda, müasir nəqliyyat vasitələrinin icad edilmədiyi vaxtlarda Almaniyadan Azərbaycana səfər etmək illərlə, aylarla, günlərlə vaxt tələb edirdi. Bu gün bunu sübut etmək üçün, dahi Üzeyir Hacıbəyovun ölməz «O olmasın, bu olsun» komediyasının qəhrəmanı Həsən bəyin təbirincə desək, Azərbaycandan Almaniyaya piyada yollanmaq gərək deyil, sadəcə Volkswagen şirkətinin Passat modelinin səkkizinci nəslinin Bakıda keçirilən təqdimat mərasimində iştirak etmək kifayət idi. Soruşa bilərsiniz ki, «əcəba, təqdimat mərasiminin buna nə dəxli var?». İcazənizlə bu məsələyə aydınlıq gətirim.
Bizim saytda «Passat» kəlməsini yazıb axtarış versəniz, avtomobilin səkkizinci nəsli haqqında məlumatın 2014-cü ilin iyun ayında dərc edildiyinin, Almaniyadakı satışlarının isə iyulun 10 tarixindən başlandığının şahidi olacaqsınız. Bu minval ilə, Passat modelinin yeni nəslinin Azərbaycana gəlməsinə bir ildən artıq vaxt lazım olmuşdur.
Avtomobilin rəsmi təqdimat mərasimi Babək prospektində yerləşən Volkswagen Bakı Mərkəzində təşkil olunmuşdu. Təqdimat mərasiminə Azərbaycandakı avtomobil dilerlərinin və media təşkilatlarının nümayəndələri dəvət olunmuşdurlar. Təbiidir ki, təqdimata yerli nümayəndənin böyük önəm verdiyi müştərilər və yerli cəmiyyətin «qaymaqları» sayılan insanlar da dəvət edilmişdilər.
Təqdimat mərasimi, bizlərin tez-tez şahidi olduğu və artıq avtomobil dilerləri arasında ənənə halını almış təqdimatlar üslubda təşkil edilmişdi. Təqdimat gecəsində çıxışlar da oldu, rəqslər də, «göydən düşən» avtomobil də.
Təqdimat mərasimində çıxış edən Volkswagen Bakı Mərkəzinin nümayəndəsi mərasimə təşrif buyurmuş qonaqlara Passat modelinin səkkizinci nəslidə tətbiq edilən müasir texnologiyalar və sistemlər barədə ətraflı məlumat verdi. Avtomobilin kütlə qarşısında rəsqlərlə müşayət edilən zühurundan sonra, sərgi-satış salonunda nümayiş etdirilən Passat avtomobilləri qonaqların ixtiyarına verildi.
Volkswagen şirkətinin MQB platformasında istehsal edilən Passat modelinin yeni nəslinin qabarit uzunluğu 4767 millimetr, eni - 1832 millimetr, hündürlüyü isə 1456 millimetr təşkil edir. Avtomobilin təkərlərarası bazası 2791 millimetrdir.
Beləliklə, yeni avtomobil sələfindən 12 millimetr enli və 14 millimetr alçaqdır. Ən diqqət çəkən məqam isə, avtomobilin uzunluğu 79 millimetr artmış təkərlərarası bazasıdır.
Yeni Passat'ın sələfindən 2 millimetr qısa olmasına baxmayaraq, avtomobilin iç məkanı 33 millimetr daha genişdir.
Yeni VW Passat modelinin baqaj bölümünün həcmi də artmışdır. Universal kuzovlu avtomobilin baqaj bölümünün həcmi 650 litr (+47 litr), sedan kuzovlu variantın isə 586 litr (+21 litr) təşkil edir. Passat modeli geniş çeşiddə benzin və dizel mühərrikləri ilə təchiz edilir. Benzin mühərriklərinin siyahısını 125 və 150 at gücü olan 1.4-litrlik turbomühərrik açır. Bunun ardınca, yerli dilerin ümidlər bəslədiyi 180 at qüvvəli 1,8-litrlik mühərrik gəlir. Avtomobilin top-variantları isə 220 və 280 at qüvvəsi olan 2,0-litrlik turbomühərriklərlə təchiz edilir. Passat modelinin dizel mühərrikləri qammasına 120 at qüvvəli 1,6-litrlik aqreqat və uç variantda - 150, 190 və 240 at qüvvəsi gücü olan 2,0-litrlik mühərriklər daxildir.
Şirkət nümayəndələrinin bildirdiyinə görə, yeni mühərriklər sələfləri ilə müqayisədə yancağa 20 faiz daha çox qənaət etməyə imkan verirlər. Bütün mühərriklər standart olaraq «start-stop» və enerjinin rekuperasiyası sistemləri ilə təchiz edilir. Güc aqreqatları alti pilləli mexaniki və ya yeddi diapazonlu robotlaşdırılmış sürətlər qutusu ilə komplektləşdirilə bilərlər.
Yeni Passat modelinin təchizatına işıq diodlarından hazırlanmış fənərlər, dairəvi görüntü kameraları, avtomatik parketmə sistemi daxildir. Əlavə avadanlıq siyahısına aktiv kruis-kontrol, zolaqlara nəzarət, yol nişanlarını tanıma, piyadalar qarşısında avtomatik dayanma və sürücünün yorğunluğunu aşkarlayan sistemlər daxildir. Bundan əlavə, avtomobili 12,3-düymlük TFT-displeydən ibarət olan virtual cihazlar paneli, həmçinin, Car-Net və MirrorLink funksiyalarını əldə etmiş Discover Pro multimedia sistemi ilə də sifariş etmək olar.
Qeyd etdiyimiz kimi, alman şirkətinin yerli nümayəndəsi hal-hazırda 180 at qüvvəli 1,8-litrlik mühərrik və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilimiş avtomobili iki təchizat variantında - Comfortline (53900 AZN) və Highline (59000 AZN) təklif edir.