Volkswagen Los Anceles avtosalonunda amerikan spesifikasiyasında olan yeni Tiguan krossoverini təqdim edib. Əvvəlki kimi, o avropalı adaşından daha böyükdür. Əgər ikinci nəsildə amerikan Tiguan krossoveri Avropadakı Tiguan Allspace və Çindəki Tiguan L ilə eyni kuzova malik idisə, indi Volkswagen krossoverlərinin genealogiya ağacı bir qədər də mürəkkəbləşib.
Okeanın o tayında debüt edən yeni Volkswagen Tiguan, bir həftə bundan əvvəl Çində debüt edən Volkswagen Tayron L modelinin əkizidir.
Volkswagen hələlik Amerikada debüt edən Tiguan modelinin dəqiq ölçülərini açıqlamayıb. Göründüyü kimi, onun ölçüləri Çindəki Tayron L krossoveri ilə üst-üstə düşür: Çin krossoverinin uzunluğu 4684 millimetr, eni - 1866 millimetr, hündürlüyü isə, 1685 millimetrdir.
Avropadakı Tayron modeli ilə müqayisədə, bu avtomobillər qısaldılmış arxa kuzov çıxışına malikdirlər, ona görə də əlavə ödənişlə belə üçüncü sıra təklif olunmur: salonda cəmi beş oturacaq var.
Bununla belə, ailənin bütün modellərinin dizaynı eynidir, əlavə ödəniş müqabilində isə, daha aqressiv bamperləri olan R-Line paketi təklif olunur. Təkər disklərinin diametri 17 ilə 20 düym arasında dəyişir.
Amerikan krossoverinin interyeri digər “tiqunabənzər” avtomobillərin interyer tərtibatını tam şəkildə təkrarlayır. Ön paneldə 10,25 düymlük rəqəmsal cihazlar paneli, habelə media sistemin 12,9 və ya 15 düymlük (konfiqurasiyadan asılı olaraq) displeyi var.
Transmissiyanın selektoru sükan sütununa keçib və onun yerini stəkanaltılar və xırda əşyalar üçün bölmələr tutublar. Bahalı versiyaların təchizatına dəri ilə tərtibat, qızdırılan, havalandırılan və masajı funlsiyası olan ön oturacaqlar, qabaqcıl kontur işıqlandırması, proyeksiya displeyi, üç zonalı klimat-kontrol və on iki dinamikli Harman Kardon audiosistemi daxildir.
Bununla belə, IQ.Drive elektron köməkçiləri dəsti krossoverin baza təchizatına daxildir. Məlum məsələdir ki, krossover MQB Evo platformasına əsaslanır, yüksək möhkəmlikli polad və alüminiumdan istifadənin artması sayəsində yeni uzunbazalı Tiguan sələfindən 77 kiloqram yüngüldür.
Amerikada EA888 ailəsindən olan yeganə aqreqat – 204 at qüvvəli 2.0 TSI turbomühərriki təklif olunur. O, səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır, ötrümə isə, ön və ya bütün təkərlərə ola bilər. İkinci halda, yedəyə alınan qoşqunun icazə verilən çəkisi 816 kiloqrama çatır.
Volkswagen Tayron L modelinin əkizi üçün daha geniş versiya çeşidi hazırlanıb: bunlar 1,5 TSI (160 at qüvvəsi) və 2,0 TSI (186 və ya 220 at qüvvəsi) turbomühərrikləri ilə təchiz edilən versiyalardır. Onların hamısı yeddi pilləli DSG “robotu” ilə birlikdə çalışırlar və yalnız ən güclü 220 at qüvvəli versiyada tam ötürmə sistemi quraşdırırlır.
Yeniliyin ABŞ-dakı satışlarına yaxın aylarda başlanmaılıdır. Tayron L, əlbəttə ki, Çində istehsal olunacaq, uzunbazalı amerikan Tiguan krossoveri isə, ənənəvi olaraq Meksikada buraxılacaq. Hər iki modelin qiyməti hələlik açıqlanmayıb.
İkinci nəsil Tiguan modeli ABŞ-da alman brendinin bestselleridir (2023-cü ildə 76 min avtomobil satılıb), buna görə də şirkət cəlbedici qiymətləri saxlamağa çalışacaq. Hazırda burada Tiguan modelinin qiyməti 30 305 dollardan (dilerə çatdırılma da daxil olmaqla) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.