Artıq məlumdur ki, gələn il baş tutacaq Şanxay avtosalonunda Volkswagen şirkəti Touareg modelinin növbəti üçüncü nəslinin təqdimatını keçirməlidir. Bir müddət bundan əvvəl yeni krossoverin zahiri görkəmi, əldə edilmiş patent təsvirləri sayəsində açıqlanmışdır.

Qeyd etmək lazımdır ki, yeni Touareg modelinin eksteryerindəki dizayn elementləri, bir müddət bundan öncə göstərilmiş T-Prime Concept GTE modelindəkilər ilə bənzərlik daşıyır. Konsept bu il Pekində keçirilmiş avtosalonda geniş tamaşaçı kütləsinə təqdim edilmişdi. Yeni krossoverin əsasını MLB Evo modul platforması təşkil edir. Xatırlatmaq istərdik ki, bu platformadan Audi Q7 modelinin istehsalında və Porsche Cayenne modelinin yeni nəslinin hazırlanması zamanı istifadə edilmişdir. Nəticədə yeni «Tuareqin» çəkisi hiss olunacaq dərəcədə azaldılacaq, yeni benzin, dizel və hibrid güc aqreqatlarının quraşdırılması mümkün olacaqdır. Saiyələrə görə, yeni avtomobil üç litrlik 270 at qüvvəli dizel və eyni həcmli 340 at qüvvəli benzin mühərrikləri ilə təchiz ediləcəkdir. Bundan başqa, tərkibinə 252 at qüvvəli dörd silindirli benzin mühərriki və 100 kilovattlıq elektromotor daxil olan hibrid güc aqreqatı da təklif ediləcəkdir. Həmçinin, yeni krossover səs və əl hərəkətləri ilə idarə edilən multimedia sisteminə də yiyələnəcəkdir.