Bəzi avtomobil istehsalçıları aerodinamik səmərəlilik baxımından işi şitini çıxardıqlarına görə tənqidə məruz qalırlar. Bu hal onların elektrikli nəqliyyat vasitələrinin damcıya bənzəməsinə gətirib çıxarır. Həsən bəy demişkən, bu sözlərlərlə razılaşmaq üçün Afrikadakı buşmen və qottentotrlara baxmaq lazım deyil, elə küçələrimizdə şütüyən Mercedes elektrokarlarına nəzər salmaq kifayətdir. Bir sözlə, kuzov nə qədər axarlı olarsa, elektrmobilin qət edə biləcəyi məsafənin bir o qədər çox olacaq. Lakin Volvo yeni məhsulun yaradılması zamanı müqavimət əmsalına yetirilən diqqətin də bir hüdudunun olduğunu hesab edir.
Avstraliyanın “Drive” jurnalına verdiyi müsahibədə, Volvo şirkətinin eksteryer dizayn üzrə baş meneceri Florian Mokkenhaupt gələcək Volvo avtomobillərinin təkmilləşdirilmiş aerodinamikadan faydalanacağını söyəlib, lakin aerodinamik effektivliyə izafi diqqət yetirməyin son nəticədə həm üslub, həm də praktikliyə zərər vurduğunu qeyd edib: “Bu, əslində estetika ilə bağlı deyil, lakin Apple mausuna bənzəyən avtomobili yaratmaq bir çox güzəştləri tələb edir. Müştərilərimizin, məsələn, rahatlığa çox dəyər veridiklərini bilirik”.
Mokkenhaupt həmçinin Volvo şirkətinin bütün çeşiddə vahid dizayn dilini qoruyaraq öz avtomobillərini daha zərif hala gətirməyi hədəflədiyini də bildirib. Yeni nəsil modellər məntiqi olaraq daha müasir görünəcək, lakin indiki avtomobillərdən tam şəkildə fərqlənməyəcəklər, çünki o, lüks avtomobil alan insanların sabitliyə üstünlük verdiklərinə inanır. O, əsas avtomobil istehsalçıları üçün hər şeyin fərqli olduğunu iddia edir, çünki bəzi markaların salonlarında yan-yana durduqları zaman tamamilə fərqli görünən avtomobilləri var.
Mokkenhaupt, Volvo şirkətinin 2024-cü ildə bəzi alman rəqiblərinin hələ də istifadə etdiyi "eyni kolbasa, fərqli uzunluq" strategiyasını qəbul etməkdən çəkinəcəyini bildirib. Hazırda şirkətin model xəttində digərlərinə bənzəməyən bir model var, o da ilk növbədə Volvo olmadığı üçün. Bəli, söhbət həyata Zeekr 009 kimi başlayan Volvo EM90 minivenindən gedir. Lakin onun Volvo brendinin ümumi imicinə təsiri məhduddur, çünki dəbdəbəli ailə avtomobili yalnız Çində satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.