Bu gün İnternet şəbəkəsində yeni nəsil Volkswagen Golf hetçbekinin interyerinin cəsus fotoşəkli peyda olub. Xatırladaq ki, bir neçə gün bundan öncə alman istehsalçısı yeni modelin eksizlərini dərc edib.
Şəkillərdən göründüyü kimi, yeni Volkswagen Golf bir blokda birləşdirilmiş iki displeyə sahib olacaqdır: bunlardan biri rəqəmsal cihazlar panelinin, digəri isə multimedia sisteminin mərkəzi ekranıdır. Eyni zamanda, ön paneldəki fiziki düymələrin sayı da minimuma endirilib. Bir neçə düymə saxlanılsa da, havalandırma sisteminin idarəetmə bloku tamamilə sensorludur.
Səkkizinci nəsil Volkswagen Golf modelinin təqdimat mərasimi payızda işinə başlayacaq Frankfurt avtosalonunda keçirilməli idi. Lakin, elektronika və multimedia sisteminin “hava” vasitəsi ilə yenilənməsində müəyyən problemlər yaşanıb. Bu problemlərin aradan qaldırılmasını təmin etmək üçün yeni modelin debütü fevral ayının sonuna qədər təxirə salınıb.