Keçən il GMC Hummer EV elektrik nəhəngi satışlarda yaxşı dinamika göstərərək 15 788 ədəd satılıb ki, bu da 2024-cü illə müqayisədə 13% çoxdur. Lakin qələbəni bayram etmək üçün hələ tezdir, çünki bu ilin ilk rübünün nəticələri bütün nikbin planlara ciddi zərbə vurub: cəmi 1653 elektromobil satılıb ki, bu da ötən illə müqayisədə 52,5% azdır. Aşağı tələbat səbəbindən aprel ayında General Motors konserni hətta Hummer modellərinin istehsal olunduğu Detroyt zavodunun fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Aydındır ki, iri ölçülü, elektrikli və bahalı modelə verilən əsas üstünlük bütün Hummer brendini çıxılmaz vəziyyətə salıb. Ən yeni Hummer X konsepti bu vəziyyətdən çıxış cəhdi kimi qiymətləndirilə bilər.

Bu konsept Kaliforniyada yerləşən yeni GM Advanced Design (Pasadena, Los-Ancelesin ətrafı) studiyası tərəfindən hazırlanıb. Həmin studiya bir il əvvəl gələcəyin Chevrolet Corvette superkarının konsepti ilə diqqət çəkmişdi.

Hazırkı Hummer EV modeli kimi, yeni şoukar da həm ofrouder, həm də pikap şəklində təqdim olunub. Dizayndakı davamlılıq qorunub saxlanılıb və konseptin görünüşü daha aqressiv və brutal olub.

Konseptin seriya nəhəngindən əsas fərqi ölçülərin xeyli kiçilməsi olub. Hummer X ofrouderinin uzunluğu 4783, eni - 2032, hündürlüyü isə, 1853 millimetrdir. Təkər bazasının ölçüsü 2946 millimetr təşkil edir ki, bu da seriya Hummer EV ofrouderində olduğundan 272 millimetr qısadır.

Konsept 37 düymlük bədloklu disklər, altlığın gücləndirilmiş müdafiəsi və Multimatic amortizatorları olan dayanıqlı asqı sistemi sayəsində ciddi ofroud potensialına malikdir. Hummer X SUV həmçinin yaxşı həndəsi keçicilik göstəricilərinə sahibdir: klirens — 334 millimetr, giriş bucağı — 44 dərəcə, keçid bucağı — 30,9 dərəcə və çıxış bucağı — 46 dərəcə.

Ortaölçülü Hummer X Truck konseptual pikapı isə, təbii olaraq daha böyükdür: onun uzunluğu 5264 millimetr, təkər bazası isə, 3318 millimetr təşkil edir. Lakin buna baxmayaraq, o da uzunluğu 5,5 metr olan tamölçülü seriya pikapından xeyli kiçikdir.

Hummer X ofrouderi və pikapı eyni salonu paylaşırlar. Xarici görünüş kimi, interyer də qəsdən brutal və bucaqlı üslubda hazırlanıb. Salonun əsas xüsusiyyəti ön paneldəki ekranlarının sayının birdən yeddiyə qədər dəyişdirmək imkanıdır. 

Bundan əlavə, Flex Fab adlı 3D çap texnologiyası sayəsində xarici görünüş də daxil olmaqla, müxtəlif detalların geniş fərdiləşdirmə imkanları nəzərdə tutulub. Bu texnologiya mürəkkəb və bahalı ştamplama istehsalına ehtiyac duyulmadan metal və plastik hissələrin kiçik seriya ilə hazırlanmasına şərait yaradır.

Həmçinin belə aksesuar və detalları quraşdırmaq üçün qaynaq və ya yapışqan lazım deyil — bunun üçün xüsusi birləşmələr və bərkidicilər mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hummer X konseptinin yaradıcıları bu layihənin yalnız dizayn araşdırması olduğunu və onun seriya modeli statusuna iddia etmədiyini xüsusilə vurğulayıblar. Lakin aydındır ki, daha yığcam və əlçatan Hummer modelləri bazarda tələbatı canlandıra və konsepsiya baxımından oxşar olan Jeep Wrangler/Gladiator və Ford Bronco modelləri ilə rəqabət apara bilərdilər.

Bunun üçün isə, Hummer X konseptinin mümkün seriya variantının təkcə elektrik aqreqatı ilə deyil, həm də daxiliyanma mühərriki və ya ən azı hibrid güc qurğusu ilə təchiz edilməsi vacibdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.