2019-cu ildə anons edilən Rodin FZero trek hiperkarı barədə yeni təfərrüatlar peyda olub. Belə ki, uzunluğu beş metr yarım olan bir yerlik avtomobil karbon lifindən hazırlanmış şassi və xarici panellər alacaq, və beləliklə, onun bütün texniki mayelərlə birlikdə kütləsi 698 kiloqram olacaqdır. FZero hiperkarının aerodinamik elementləri avtomobilin çəkisindən altı dəfə çox yerəbasma qüvvəsini təmin edəcək və hiperkara 360 km/saat həddinə sürətlənməyə imkan verəcəkdir.
Rodin FZero modelinin asqısı iki köndələn qola, sərt kompozit şarnirlərə, itələyici çubuqlara, tənzimlənən amortizatorlara və klirensə hidravlik nəzarət sisteminə malik olacaqdır.
Hiperkar, 3D-printerində titandan çap edilmiş supportları olan karbon-keramik əyləc mexanizmləri və maqneziumdan hazırlanmış 18-düymlük OZ Racing diskləri ilə təchiz ediləcəkdir. Avtomobil Rodin Cars şirkətinin öz məhsulu olan və Rodin RC10 adlanan mühərriklə hərəkətə gələcəkdir.
Bu, iki yuxarı paylayıcı valı, quru karterli yağlama sistemi, turbokompressor cütlüyü, karbon-titan qarışığından hazırlanmış giriş kollektoruna və buraxılış magistralına malik olan 4,0-litrlik V10 mühərrikidir. Aqreqat döymə alüminium porşenləri və 130-kilovatlıq elektrik mühərrikinin yerləşdiyi polad dirsəkli valı alıb.
Daxili yanma mühərriki və hibrid üstqurumun ümumi hasilatı 1176 at qüvvəsi və 1026 Nm fırlanma anı təşkil edir. Hibrid qurğunun dartma qüvvəsi Ricardo firması ilə birlikdə yaradılmış səkkiz pilləli sekvental ötürmələr qutusu vasitəsilə arxa təkərlərə ötürülür. Titandan hazırlanmış tranmissiya uzununa yerləşdirilib.
Rodin FZero hiperkarının işçı prototipinin ilin sonuna qədər hazır olacağı vəd edilir. Müştəri avtomobillərinin istehsalına 2023-cü ilin yayında başlanmalıdır. Hiperkar 27 nüsxəlik tirajla buraxılacaq və 1,8 milyon funt sterlinqə satılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.